Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2021 15:36
İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən 80-dən artıq qətnamə qəbul edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib. 2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz bunun növbəti təzahürü idi. Bununla yanaşı, biz, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramına da başlamışıq.
Biz Ermənistanın hərbi təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəklənməsini yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib. Bu mənada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun təsis edilməsi xüsusi qeyd edilməlidir.
Azərbaycan da öz növbəsində hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib".