Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2021 15:42
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 15 milyard dollara çatacaq
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Zəngəzur dəhlizi tam gücü ilə işə salındıqdan sonra Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 15 milyard dollara qalxacaq. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 4,2 milyard dollara bərabərdir. Türkiyə Azərbaycanın xarici ticarət dövriyyəsində yalnız İtaliyadan geri qalır.
Qardaş ölkəyə Azərbaycan ildə 2,6 milyard dollarlıq mal ixrac edir və bu ölkədən 1,6 milyard dollarlıq mal idxal edir. Əsasən neft göndərdiyimiz İtaliyaya illik ixracımız isə 4,1 milyard dollar təşkil edir. Yəni Bakı və Ankara iqtisadi inteqrasiya baxımından qarşıya çox iddialı məqsədlər qoyublar.
İki ölkə arasında münasibətlərin inkişafının tarixçəsinə baxdıqda bu planların əslində realist olduğunu görmək mümkündür. Bakı ilə Ankara arasında iqtisadi münasibətlər Azərbaycanın müstəqilliyinin ilk günlərindən - ticari-iqtisadi münasibətlər barədə 1 noyabr 1992-ci ildə bağlanmış sazişlə başlayıb.
Ötən illər ərzində iki ölkə arasında bütün regionun iqtisadi xəritəsini dəyişmiş, Azərbaycan və Türkiyə ilə yanaşı regionun digər ölkələrinin inkişafını da sürətləndirilmiş böyük layihələr gerçəkləşdirilib. Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Trans-Anadolu təbii qaz boru xətti TANAP da daxil olmaqla Cənub Qaz Dəhlizini göstərmək olar. Hazırda bu infrastruktur layihələrinin sayəsində Gürcüstan hər il 1 milyard dollara yaxın tranzit haqqı qazanır.
Bakı ilə Türkiyənin Ceyhan limanı birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəməri 13 iyul 2006-cı ildən işə başlayıb və ildə 50 milyon ton neft nəqli gücünə malikdir. 2007-ci ildən Türkiyəyə qaz nəqlinə başlamış Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ildə 20 milyard kubmetr qaz ötürmək mümkündür. Türkiyədə TANAP-la birləşən qaz kəməri Azərbaycan qazının Avropaya nəqlində müstəsna rol oynayır. TANAP çərçivəsində qaz nəqlin başlanğıcda illik 16 milyard kubmetr təşkil etsə də, daha sonra bunun mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. Gələcəkdə Transxəzər qaz kəmərinə qoşularaq Türkmənistan qazının da Avropaya nəqlinə imkan yaradacaq Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ötürmə gücü dah bir neçə dəfə artırıla bilər. 2017-ci ildə işə salınmış Bakı-Tbilisi-Qars dəmiryolu ilə isə ildə 15 milyon tona yaxın yük daşınması nəzərdə tutulur.
Lakin bu da son deyil. Azərbaycan iqtisadiyyatı ilə Türkiyə iqtisadiyyatının bütün sektorlarda inteqrasiyası düşünülür. Azərbaycanda fəaliyyət göstərən 13000-dən artıq türk şirkəti indiyədək iqtisadiyyatımıza təxminən 10 milyard dollar sərmayə qoyub. Zəngəzur dəhlizinin işə salınmasından və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi potensialından istifadə etdildikcə, bu rəqəm dəfələrlə artacaq.
Həmçinin Azərbaycandan Türkiyəyə investisiya qoyuluşlarında mühüm artım müşahidə olunmaqdadır. Belə ki, hazırda Türkiyədə Azərbaycan sərmayəli 2000-ə yaxın şirkət fəaliyyət göstərməkdədir. Təkcə Azərbaycanın dövlət neft şirkəti "SOCAR"ın Türkiyədəki investisiyalarının ümumi həcmi 2016-cı ildə 12,6 milyard dollara çatıb. 2018-ci ilin sentyabr ayında isə SOCAR İzmirdə 6,3 milyard dollar sərmayə qoyuluşu hesabına "Star" neft emalı zavodunu salıb.
Yəni bu layihələr hesabına iki ölkə arasında ticarət dövriyyəsini 15 miyard dollara qaldırılması elə də uzaq deyil.