Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yayın bu nemətindən istifadə etsəniz qışda xəstələnməzsiniz

Yayın bu nemətindən istifadə etsəniz qışda xəstələnməzsiniz

Tarix: 22 Iyun 2021 01:00

Xalq təbabətində özünəməxsus müalicəvi xüsusiyyətlərə malik olan cökə çiçəyi dəmləməsinin faydalarını saymaqla bitirmək mümkün deyil. Cökə çiçəyinin dəmləməsi qədim zamanlardan xəstələrə öz müalicəvi xüsusiyyətini göstərmişdir. Cökə çiçəyinin tərkibində C vitamini, müxtəlif efir yağları, karotin, kumarin, saponin, çoxlu sayda makro və mikro elementlər var. Onun dəmləməsi orqanizmə möhkəmləndirici təsir bağışlayır və bir çox xəstəlikləri sağaldır. Cökə çiçəyinin dəmləməsi orqanizmdəki soyuqlamanı aradan qaldırır, temperaturu aşağı salır, virus və bakteriyaları öldürür. Dəmləmənin tərkibində olan saponin isə bronxlarda olan bəlğəmi yumşalaraq xaric edir və təmizləyir.
Boğaz ağrısı, angina zamanı cökə çiçəyi dəmləməsi ilə qarqara etmək boğazdakı iltihab əlamətlərinin azalmasına səbəb olur. Tərkibində olan antibakterial maddələr boğazdakı şişkinliyi aradan qaldırır, iltihabı azaldır və yox edir. Bunun üçün isə 200 ml dəmləmənin üzərinə 5 qram soda əlavə etmək lazımdır.
Cökə çayı sakitləşdirici təsirə malikdir. Əgər sizin əsəbləriniz gərgindirsə və ya yuxu problemləriniz varsa, o zaman yatmazdan əvvəl 100 ml isti cökə çayı içməyiniz məsləhət görülür. Bu daxili gərginliyi azaldaraq orqanizmi sakitləşdirir. Yatmazdan əvvəl bu dəmləməni içərkən miqdarını artırmamaq məsləhət görülür. Bunun səbəbi isə dəmləmənin sidikqovucu təsirə malik olmasıdır. Belə ki, yatmazdan əvvəl çoxlu miqdarda cökə dəmləməsi içmək orqanizmi sakitləşdirmir, əksinə qıcıqlandırır. Buna görə də axşam saatlarında 100 ml-dən artıq cökə çayı içmək olmaz.
Cökə çayı mədə-bağırsaq fəaliyyətini də yaxşılaşdırmaq qabiliyyətinə malikdir. Ağır qida və ya çoxlu ət yeməkləri qəbul etdikdən sonra cökə çayı içmək mədə şirəsinin artmasına və həzmin yaxşılaşmasına səbəb olur. Həddindən çox yağlı qida qəbulundan da sonra çökə çayı içməkdə fayda var.
Cökə çayı qadınlar üçün də çox faydalıdır. Davamlı olaraq cökə çayı içmək aybaşı tsiklinin normallaşmasına və qarın nahiyəsində olan aybaşı ağrılarının aradan qalxmasına səbəb olur. Bu möcüzəvi çay klimaks dövründə olan arterial təzyiqi stabilləşdirir, bədən qıcıqlanmalarını aradan qaldırır və qadın orqanizminin klimaksla əlaqədar olan patologiyalarının aradan qalxmasına səbəb olur.
Cökə çayı antioksidant təsirə malikdir və qanda pis xolesterinin azalmasınaa səbəb olur. Mütəxəssislər dieta saxlayanların menyusuna cökə çayını əlavə etməyi məsləhət bilirlər. Bu çay orqanizmi cavanlaşdırır, yaşlanmanın qarşısını alır, fiziki gücü artırır, dərini gözəlləşdirir, tük və dırnaqları möhkəmləndirir.
Qurudulması və qışa saxlanma qaydası
Cökə çiçəyi iyun - iyul aylarında, yəni, çiçəklənmə dövründə toplanır və qurudulur. Cökə çiçəyi toplayan zaman yol kənarlarında bitən ağacların çiçəyini toplamaq məsləhət görülmür. Çiçəklər isti havada, ancaq kölgədə qurudulmalıdır. Xüsusi quruducularda və ya sobalarda qurudulan çökə çiçəyinin tərkibindəki faydalı efir yağları uçur və təsiri zəif olur.
Cökə çiçəyi təmiz kağız üzərində asanlıqla 3-4 günə quruyur. Qurumuş çiçəklər sərin və qaranlıq yerdə saxlanılır. Bir kiloqram cökə çiçəyindən 300 qram qurumuş çiçək əldə etmək mümkündür.
Çayın dəmlənmə miqdarı
Çökə cicəyi dəmləməsinin miqdarı müalicənin növündən asılı olaraq təyin edilir. Əgər müxtəlif xəstəliklər səbəbindən müalicə alırsınızsa, o zaman 200 ml suya 1 xörək qaşığı quru çökə çiçəyi əlavə edilməlidir. Yox əgər siz sağlamsınızsa və cökə çayı içmək istəyirsinizsə, o zaman 300 ml suya 5-6 çökə çiçəyi yetərli sayılır.
Cayın dəmlənmə qaydası
Lazım olan qədər cökə çiçəyinin üzərinə qaynar su əlavə edilib stəkanın üstü örtülür, stəkan isti dəsmalla bükülür və 5 dəqiqə gözlənilir. Əgər cökənin əvəzolunmaz ətri sizin xoşunuza gəlirsə, o zaman dəmləmə müddətini bir neçə saata qədər artıra bilərsiniz.
Soyuq suya cökə çiçəyi əlavə edərək 5 dəqiqə qaynatmaqla da dəmləmə əldə etmək mümkündür. Bu zaman qaynadıqdan sonra çayı 20 dəqiqə saxlayaraq içmək daha münasib hesab olunur.
Çayın nə qədər qəbul olunması isə orqanizmin xəstəliklərinə uyğun olaraq müəyyən edilir.
Orqanizmin tonuslanması və möhkəmlənməsi üçün 15-20 cökə çiçəyinin üzərinə 200 ml qaynar su əlavə edilərək 10 dəqiqə isti dəsmala bükərək saxlamaq və üzərinə 0,5 çay qaşığı zəncəfil əlavə edərək yenidən 5 dəqiqə gözləmək lazımdır. Daha sonra çaya bir miqdar bal və bir dilim limon əlavə edərək içmək lazımdır. Bu qarışım soyuqlama əlamətlərini azaldır və aradan qaldırır. Orqanizmin sağlam və gümrah olması üçün isə həftədə 2-3 dəfə bu dəmləmədən içmək lazımdır.
Cökə çayının zərərləri
Bütün bitki çayları kimi çökə çayının da zərərləri vardır. Uzun müddət və davamlı olaraq çökə çayı içmək taxikardiyaya, ürək nahiyədə ağrılara və sinir gərginliyinə səbəb ola bilir. Belə ki, az miqdarda dərman, çox miqdarda zəhər atalar sözü cökə çayına da aiddir. Mütəxəssislər davamlı olaraq bir aydan çox cökə çayı içməyi məsləhət görmürlər. Bir ay boyunca hər gün 2-3 stəkan cökə çayı içdikdən sonra çayın qəbuluna mütləq fasilə vermək lazımdır. Amma 2-3 cökə çiçəyi ilə dəmlənmiş çaydan gün ərzində 3 stəkan içməyin heç kimə zərəri dəyməz. Çoxlu miqdarda cökə çayı ilə dəmlənmiş çayı içən zaman diqqətli olmaq məsləhət görülür.


Etiketlər:  Yayın nemətindən istifadə etsəniz qışda xəstələnməzsiniz


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ