Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 18:26
"Turnir bizim üçün tarixi nailiyyətlə yadda qaldı. İlk dəfə Yunan-Roma güləşçilərimiz komanda hesabında çempion oldu".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev Bolqarıstanın Samokov şəhərində keçirilmiş yeniyetmə güləşçilərin Avropa çempionatı ilə bağlı danışarkən deyib.
O, sərbəst güləşçilərin də pis çıxış etmədiyini bildirib: "Bu uşaqların hamısı öz yetirmələrimizdir, legioner yoxdur. Bu uğur onu göstərir ki, Azərbaycan güləşinin böyük gələcəyi var".
Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına adlı-sanlı güləşçilərin lisenziya qazandıqlarını söyləyib: "Onların hər birinin medalla qayıdacağına inanıram. Medalın əyarını deyə bilmərəm".
Federasiya rəsmisinin fikrincə, olimpiya lisenziyalarının azlığının obyektiv və subyektiv səbəbləri var: "Burada pandemiya amili də var. Ölkə daxilində yarış keçirə bilmədik. 2-3 lisenziyanı təsadüf nəticəsində itirdik. Daha yaxşı ola bilərdi. Psixoloji durum da önəmlidir. Olimpiada ilə bağlı o qədər təlimatlar çıxır ki, onlar da gərginliyə düşür. Hamı oraya normal psixoloji durumda getmək istəyir".
Federasiya rəhbəri Mariya Stadnikin məşqçisini dəyişməsindən söz açıb: "Məşqçisini şəxsi problemə görə dəyişib. Onun güləşi atmaq istəyini sizdən eşidirəm. Polşada çox rahat çempion oldu. Yüksək səviyyədə iştirak etdi. Hesab edirəm ki, olimpiadada hamımızı sevindirəcək".