Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 17:32
Yerli qurumlar qısa zamanda problemin həll ediləcəyinə söz verdi
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Xaçmazın Bəbəli kəndində suvarma suyu ilə bağlı çətinlik yaşanır. Belə ki, kənddə uzun illərdir yay aylarında sahələri suvarmaq sözün əsl mənasında problemə çevrilib. Yerli sakinlərin sözlərinə görə, bu səbəbdən həm bağ həm də tərəvəz sahələri quruyaraq məhv olur. Elə kənd ərazisindəki arxlara nəzər saldıqda da açıq-aydın görünür ki, aylardır yaşayış məntəqəsi suya həsrət qalıb.
Kənd sakinləri bildirir ki, yerli icra nümayəndəsi və Sudan İstifadəedənlər Birliyi suvarma suyunun bölgüsünü düzgün aparmadığı üçün belə problem yaranıb.
Sakinlərin şikayəti ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinə məlumat verdik. Çox keçmədi əraziyə icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi Polad Bədəlov, Xaçmaz Rayon Suvarma Sistemləri idarəsinin baş mühəndisi Xaləddin Məlikov və yerli Sudan İstifadəedənlər Birliyinin sədri Ədalət Əhmədov gəldi. İcra nümayəndəsi Polad Bədəlov problemi mənbədən kəndə ayrılan su qurğusunun ölçüsünün kiçik olması ilə əlaqələndirdi. Amma bununla belə məsələnin qısa zamanda həll ediləcəyini dedi.
Xaçmaz Rayon Suvarma Sistemləri idarəsinin baş mühəndisi Xaləddin Məlikov isə bildirdiki mənbədə kifayət qədər su var. Lakin Sudan İstifadəedənlər Birliyi həmin suyu əraziyə çatdıra bilmədiyi üçün narazılıq yaranır. Baş mühəndis, bütün mövcud imkanlardan istifadə olunaraq sakinlərin suvarma suyu ilə təmin ediləcəyinə söz verdi.
Xaləddin Məlikov həmçinin qeyd etdi ki, məsələnin bir dəfəlik həlli üçün ya kənddə artezyan quyusu qazılmalı ya da sovet dönəmindən ərazidə mövcud olan su tutarı bərpa olunmalıdır. Bu iki variantdan biri yerinə yetirilərsə Bəbəlidə suvarma suyu ilə bağlı problem tam şəkildə həllini tapmış olacaq. Ümid edirik ki, tezliklə bu iki təklifdən biri həyata keçiriləcək və Bəbəli sakinləri də sahələrini normal şəkildə suvararaq bol məhsul əldə edəcəklər.