Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 21:56
Oktyabrın 6-da Cəbrayıl rayonunda əks hücum əməliyyatını icra edirdik. Şiddətli döyüşlərin gedişində 120 millimetrlik mərminin partlaması nəticəsində sağ ayağımı itirdim. Həmin gün bir çox döyüş yoldaşım gözlərimin önündə şəhid oldu. Biz - xidmət yoldaşları bir-birimizlə həmişə zarafatlaşıb deyirdik: "Şəhid olanda qardaşın sənin tabutunu çiynində aparacaq". Lakin mən şəhid olan döyüş yoldaşlarımın heç birinin tabutuna toxuna bilmədim...
Sonxeber.net bildirir ki, Vətən müharibəsi qazisi Ervin Cavadov bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
Ervin Tərxan oğlu Cavadov 1993-cü il aprelin 14-də Bakıda anadan olub. Nizami rayonu 10 saylı tam orta məktəbi bitirdikdən sonra 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Ervin 2012-ci ildə əsgəri xidmətini başa vurub ordudan tərxis olunsa da, Aprel döyüşlərindən sonra hərbçi olmaq qərarına gəlib. O, bir müddət Milli Qəhrəman Şükür Həmidovun qrupunda gizir hərbi rütbəsi almaq üçün kurs keçib və 2019-cu ildə Ağcabədidə yerləşən hərbi hissədə gizir kimi xidmətə başlayıb.
Ötən il sentyabrın 27-də Ermənistanın hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatlara cavab vermək üçün Ervin də minlərlə gənc kimi igidliyini nümayiş etdirib.
Vətən müharibəsi qazisi nə az, nə çox - 5 dəfə əməliyyat olunub. Onun dediyinə görə, əvvəlki ilə müqayisədə özünü daha yaxşı hiss edir: "Partlayış nəticəsində sağ ayağımı itirdim və sol ayağımı dizdən aşağısını hiss etmirəm. Psixoloji olaraq xeyli irəliləyiş var. Həmçinin çətinlik çəksəm də, yeriyə bilirəm".
Ervin gənc ailə başçısıdır. Bildirir ki, o, 2 yaşlı qız övladına elə körpəlikdən Vətəni qorumağın nümunəsini göstərə bildiyi üçün xoşbəxtdir. O, eyni zamanda, dövlətin müharibə qazisinə göstərdiyi qayğıdan razılığını ifadə edib: "Bütün müalicə xərclərim dövlət tərəfindən ödənilib. Keçirilən əməliyyatlar uğurla nəticələnib. Ümid edirəm ki, bundan sonra da bütün sosial və sağlıq məsələlərində dövlət yanımda olacaq".
Qeyd edək ki, Ervin Cavadov "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.