Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Evimizin 2-3 metrliyindəki dəhşətli mənzərədən bezmişik” - Açıqlama

“Evimizin 2-3 metrliyindəki dəhşətli mənzərədən bezmişik” - Açıqlama

Tarix: 29 Iyun 2021 19:08

"İki min nəfərdən çox əhalisi olan Sulutəpə qəsəbəsində cəmi iki yerdə zibil qutusu var. Onlar da dolur, zibil mərkəzi küçə boyu qalaqlanır. Evimizin cəmi 2-3 metrliyində olan bu dəhşətli mənzərə və üfunət iyindən bezmişik". 

Sonxeber.net bildirir ki, bu şikayətlə qafqazinfo-ya Sulutəpə qəsəbəsinin bir qrup sakini adından Elşad Alcanov müraciət edib. Onun sözlərinə görə, Asif Məhərrəmov küçəsi (keçmiş Şəfiqə Əfəndizadə) 4 ildir təmizlik üzünə həsrətdir: 

"Əvvəllər qəsəbənin müxtəlif yerlərində zibil qutuları var idi, sonradan bəzi şəxslər həmin qutuları öz həyətlərindən uzaqlaşdırdılar, nəticədə bu vəziyyət yarandı. Bəzən olur ki, zibiltoplayan maşınlar gecikir, bəzən o tullantıları toplamaq üçün məhəllədə saatlarla dayanmalı olurlar. Həmin vaxt zibillərdən axan su, üfunət iyindən evdə otura bilmirik". 

Qəsəbə sakini deyir ki, problemdən Abşeron rayon İcra Hakimiyyətində də xəbərdardırlar: "15-20 qonşu rəsmi ərizə ilə İcra Hakimiyyətinə müraciət etmişik. Deyiblər 3 günə bütün qəsəbəyə qutular qoyulacaq, lakin indiyə kimi heç bir tədbir görülməyib". 

Şikayətlə bağlı Abşeron rayonu 5 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət etdik. MKİS-nin rəisi Məsim Əsgərzadə sakinlərin problemindən xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, yaranmış problemin həlli üçün məişət tullantılarının toplanması gün ərzində bir neçə dəfə həyata keçiriləcək:

"Həmin ərazidə yaşayan vətəndaşlar narazılıq edirlər ki, hər küçəyə bir zibil qutusu qoyulsun. Bu isə mümkün deyil, çünki maşın gəlir zibilləri ünvanlardan götürür. Onların arasında müəyyən məsafə olmalıdır. Digər tərəfdən, biz qutuları tək-tək qoya bilmərik, hər ünvana bir neçə qutu qoyulur. Sakinlər etiraz əlaməti olaraq maşınlarını yolun üstündə saxlayıb zibil maşınlarının küçəyə daxil olmasına mane olurlar. Mən özüm dünən də orada olmuşam, sakinlərlə görüşmüşəm. Bu problemin həlli üçün oradakı zibilləri tez-tez daşımaq lazımdır. İndiyə qədər gün ərzində bir dəfə daşınırdısa, bundan sonra gündə 2, hətta mümkün olarsa, 3 dəfə daşınmalıdır. Bununla bağlı Mənzil Kommunal İstismar Birliyinin rəhbərliyinə də məlumat verilib. Çalışacağıq ki, gün ərzində azı 2 dəfə zibillər yığılsın ki, sakinlər arasında narazılıq yaranmasın". 

M. Əsgərzadə həmçinin bildirib ki, qəsəbədə zibil qutularının qoyulma ünvanları da artırılacaq. Artıq yeni zibil qutuları alınıb və iyul ayının əvvəlində qəsəbəyə gətiriləcək. 


Etiketlər:  Evimizin metrliyindəki dəhşətli mənzərədən bezmişik Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ