Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2021 18:08
Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişini imzalayaraq tərəfdaş ölkə kimi təsdiq edilib.
Sonxeber.net-ın İqtisadiyyat Nazirliyinə istinadən məlumatına görə, bu barədə məlumat artıq təşkilatın internet səhifəsində dərc edilib.
Azərbaycan bu sazişə qoşulmaqla transfer qiymətləri, vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi ilə bağlı riskləri, transmilli şirkətlər tərəfindən həyata keçirilən digər fəaliyyətləri beynəlxalq standartların tələbləri çərçivəsində qiymətləndirmək, eləcə də iqtisadi və statistik təhlillərin aparılması baxımından daha şəffaf vergi mühitini inkişaf etdirmək imkanı əldə edir. Eyni zamanda, Azərbaycan Respublikasının sözügedən sazişə qoşulması "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)" layihəsində nəzərdə tutulan 4 minimum standartdan biri olan 13-cü Fəaliyyətin (Transfer qiymətləri üzrə sənədləşmə) tələblərinin həyata keçirilməsi deməkdir.
Sazişin effektiv icrası məqsədilə "Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası" hazırlanıb və təsdiq edilib. Qeyd olunan qaydalarla Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
Saziş üzrə götürülmüş öhdəliklərin vaxtında icrası məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən və maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan, transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə hesabat verilən ilin 30 iyun tarixinədək müvafiq bildirişi, transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 ayın sonuna qədər isə hesabatı vergi orqanına təqdim etməlidir.
Sazişin tələblərindən irəli gələn müvafiq bildiriş və hesabatların təqdim edilməsi üçün artıq istifadəyə verilmiş elektron platformaya qoşularaq, Ölkələrarası Hesabatın təqdim edilməsi həyata keçirilə bilər. İstifadəçilər adıçəkilən platformaya giriş zamanı "Əsas səhifə" hissəsində hesabatın verilməsi üçün hazırlanmış "İstifadəçi təlimatı" və "Tez-tez verilən suallar" bölməsi ilə tanış ola bilərlər.