Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kardioloq: Ürək-damar xəstəlikləri koronavirus əleyhinə peyvənd vurdurmaq üçün əks göstəriş deyil

Kardioloq: Ürək-damar xəstəlikləri koronavirus əleyhinə peyvənd vurdurmaq üçün əks göstəriş deyil

Tarix: 2 Iyul 2021 23:15

Ürək-damar xəstəlikləri yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd vurdurmaq üçün əks göstəriş deyil. Hər kəs COVID-19 əleyhinə vaksin vurdura bilər. Ona görə də, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin peyvəndləmədən əvvəl xüsusi müayinə olunmasına ehtiyac yoxdur. Məsləhət görülən ümumi müayinələr ürək-damar xəstələri üçün də keçərlidir.

Sonxeber.net bildirir ki, həkim-kardioloq İdris Xəlilov AZƏRTAC-a ürək-damar xəstələrinin koronavirusu necə keçirmələri və onlar üçün vaksinasiyanın əhəmiyyəti barədə danışıb: "Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin yeni növ koronavirus infeksiyasını daha ağır keçirməsi fikri ilə tam razı deyiləm. Çünki virus infeksiyasını hər kəs istənilən yaşda ağır və ya daha yüngül keçirə bilər. Yaşlı insanları panikada saxlamaq lazım deyil. Elə ağır dərəcəli ürək xəstələri var ki, onlar koronavirus infeksiyasına yoluxsalar da, xəstəlik kəskinləşməyib. Misal üçün, xanım pasiyentlərimdən birinin ürəyinə 9 stend taxılıb, yüksək qan təzyiqi, artıq çəki və şəkərli diabeti var. Amma, şükürlər olsun ki, virusu yüngül keçirdi. Bununla yanaşı isə, koronavirus bəzən cavanlarda ağırlaşmalara səbəb olur.

Kardioloji problemi olanlar virus infeksiyalarından asılı olmayaraq, mütəmadi şəkildə müayinədən keçərək müalicə almalıdırlar. COVID-19 virusuna qarşı kollektiv immunitetin formalaşması üçün vaksinasiyada iştirak etmək vacibdir. Nəzərə almaq lazımdır ki, peyvənd vurduranlar ya koronavirusa yoluxmur, ya da xəstəliyi yüngül keçirirlər. Vaksin olunmayanlar arasında isə ölüm riski daha yüksəkdir".


Etiketlər:  Kardioloq Ürək damar xəstəlikləri koronavirus əleyhinə peyvənd vurdurmaq üçün əks göstəriş deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ