Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2021 19:33
Yay aylarında tez-tez başağrısı, yuxusuzluq və yorğunluq kimi şikayətlər yaranır. Mütəxəssislər deyirlər ki, bunun səbəbi xalq arasında "qulunc" adlandırılan fibromialgiyadır. Fibromialgiyaya daha çox oturaq həyat tərzi keçirənlərdə rast gəlinir.
Sonxeber.net bildirir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: "Oturaq həyat tərzi keçirən və kondisioner altında işləyənlərin çoxu gün işığından uzaq olurlar. Nəticədə onlarda D vitamini çatışmazlığı əmələ gəlir və xroniki yorğunluğu olanlarda fibromialgiyalara meyillik artır".
D vitamini çatışmazlığını aradan qaldırmaq üçün ilk növbədə, düzgün qidalanma rejiminə əməl etmək məsləhət görülür: "D vitamini ilə zəngin qida məhsulları balıq və balıq məhsulları, qırmızı və qara kürü, yumurtanın sarısı, göbələk, toyuq ciyəri, portağal, cəfəri, süd və süd məhsullarıdır. Süd əlavə edilmiş kartof püresi orqanizmin D vitamininə olan gündəlik tələbatını ödəyir. Ağartı məhsullarının tərkibində də D vitamini var", - deyə həkim-terapevt bildirib.
İldə iki dəfə orqanizmdə D vitamininin səviyyəsini yoxlamaq tövsiyə olunur. Həddindən artıq vitamin qəbulu da həyati təhlükə yarada bilər. Ona görə də profilaktik tədbirləri mütəxəssis məsləhəti əsasında həyata keçirmək lazımdır.