Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Qarabağla əbədi “vidalaşır” - iki erməninin yol söhbəti - FOTO

Ermənistan Qarabağla əbədi “vidalaşır” - iki erməninin yol söhbəti - FOTO

Tarix: 7 Iyul 2021 12:02

Erməni bloqer Narine Kirakosyanın Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə səfəri özləri də bilmədən maraqlı məqamları üzə çıxarıb. Onun Laçın dəhlizi boyu hazırladığı reportaj zamanı iki mülki erməni arasında baş verən dialoqun ən maraqlı anlarını təqdim edirik:

- Rus dilində buranın Laçın dəhlizi olduğu yazılmışdı. Bu ərazi niyə təhlükəlidir, Aşot, burada çox insident baş verir?

- Onlar (azərbaycanlıları nəzərdə tutur - red) istədikləri zaman buraya gəlirlər. 

Bundan əlavə, Aşot "qaçırılanlar"dan bəhs edir (Məsələn, Livandan Ermənistan tərəfindən muzdlu kimi Qarabağa döyüşmək üçün gələn şəxsin hərbiçilərimiz tərəfindən əsir götürülməsindən - red). Aşot bu ərazilərdə Laçının ortalarına qədər heç bir rus sülhməramlısının olmadığını əmin edir: "Heç kim bu ərazilərdə nə baş verdiyini bilmir". 

Əslində erməni hiyləgərliyini bu reportajda çox "peşəkar" şəkildə işə salır. O, yaxşı anlayır ki, Narine Kirakosyanın bu süjetin nəinki Ermənistanda, Azərbaycanda, eləcə də Rusiyada izlənmək imkanı var. O, Laçının ortalarına qədər rusların olmamasını və "ermənilərin" (Livandan gətirilən muzdlu döyüşçülər kimi - red) Azərbaycan hərbiçiləri tərəfindən "qaçırılması" məsələsini qabartmaqla iki məsələni yenidən gündəmə gətirmək fikrindədir. İlk öncə Aşot bu sözləri ilə sülhməramlı kontingentin sayının mütləq artırılması məsələsinin aktuallığına diqqət çəkmək istəyir, digər yandan isə 5 ildən sonra ikitərəfli razılıq olacağı təqdirdə Qarabağdan çıxmalı olan rus sülhməramlılarının bu bölgəni tərk edəcəyi təqdirdə güya onları gözləyəcək "bəlalar"ın siqnalını vermiş olur. Əslində isə bu yolla ermənilər Rusiyaya Qarabağda onlara göz-qulaq olmaq üçün hava-su kimi lazım olduqları mesajını verir. 

Həmsöhbətlər köhnə mahnıların sədası altında Nikolu (Paşinyan) danlayırlar: "Artsaxı itirdik, indi də Syunik (Zəngəzur) təhlükə altındadır" deyə ağlayırlar. Aşot ah çəkərək deyir: "Müstəqillik, müstəqillik, müstəqillik üçün çox çalışırdıq... Nə üçün Artsax möhtəşəm təbiəti ilə düşmənə təslim oldu?".

Əslində Laçın dəhlizi boyu hərəkətdə olan ermənilərin Paşinyanı yıxıb-sürümələri onun gələcək qərarları və səfərlərinin detalları barədə niyə dolğun məlumat verilmədiyi, niyə məhz daxili auditoriyanı sakitləşdirəcək məqamların qabardıldığı bir daha aydın olur. Paşinyan anlayır ki, müharibədəki ağır məğlubiyyətin ağrı-acısını 50 il də keçsə aradan qaldırmaq çətin olacaq və 20 iyun parlament seçkilərində erməni əhalisinin pisdən yaxşını seçmək məcburiyyətində qaldıqları üçün məhz onu yenidən bu posta gətiriblər. Lakin təəssüf doğuran məqam isə ondan ibarətdir ki, hələ də bəzi ermənilər revanşist təfəkkürlərindən əl çəkmirlər, hələ də bu ərazilərin Azərbaycanın tarixi torpaqları olduqları faktı ilə razılaşmaq niyyətində deyillər.

Və sonra Aşot kifayət qədər maraqlı məlumatlar verir: "Rus sülhməramlılarının bir nümayəndəsi ilə söhbət etdikdən sonra Qarabağa geri qayıtmağın mümkün olduğunu, təhlükəsizliyi təmin etdiklərini söylədi. Rusiya tərəfi üçün də ermənilərin geri dönməsi vacibdir. 

Bu açıqlamaya istinad etsək, o zaman Rusiyanın da Qarabağla bağlı planının 5 illik olmadığı qənaətinə gələ bilərik. Belə aydın olur ki, rəsmi Moskva kontingentini və bütün təchizatını ilk 5 il üçün nəzərdə tutmayıb.

Aşot fikirlərini "Deyə bilərəm ki, hazırkı hökumət, bugünkü qaçqınların bu əraziləri tərk etməyini planlaşdırırlar. Bunun nə dərəcədə doğru olduğunu bilmirəm, türklərin (azərbaycanlılar) erməniləri müxtəlif xarici nömrələrə çağırıb evlərini satmağı təklif edirlər. Bu, insanların ərazini tərk etməsi üçün manipulyasiyadır. Mən özüm insanlara getmələrini tövsiyə etməyəcəyəm, çünki ərazilər boşalsa nə qoşunlarda, nə də sülhməramlılarda məna qalmayacaq. Və sakinlər varsa, təhlükəsizlik problemi olacaq ...". sözləri ilə davam etdirib. 

Buradan bir daha aydın olur ki, ermənilər azərbaycanlıların işğaldan azad olunan ərazilərə qayıtmasından çox narahatdırlar. Onlar azərbaycanlılar o torpaqlara qayıdacağı təqdirdə evləri tərk etmək haqda düşünürlər. Amma Aşotin dediyindən belə çıxır ki, qalıb həyatını orada başa vurmaq istəyənlər də var. Heç şübhəsiz ki, o ermənilər də anlayırlar ki, bunun yalnız bir yolu var - Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə yaşamaqla.

Narine Kirakosyanın reportajı zamanı ermənilərin dialoqundan gəldiyim son qənaət: haylar çox narahatdırlar. Onlar anlayırlar ki, müharibə zamanı bu əraziləri tərk edən digər erməni sakinlər artıq Qarabağa qayıtmaq istəmirlər, Rusiya sülhməramlıları onlara təhlükəsizlik zəmanəti versələr belə. Qarabağ erməniləri də bilirlər ki, Ermənistandakı mövcud hökumət Qarabağı əbədi itirməklə barışıb. Mümkün qədər çox erməninin Qarabağa qayıtması Rusiya sülhməramlıları üçün faydalı görünsə belə, təhlükəsizlik məsələsi hələ çox həssas mövzu olaraq qalmaqdadır. Belə olan halda isə ermənilərin Qarabağa qayıtması mümkünsüz görünür. Daha doğrusu azərbaycanlıların işğaldan azad olunan ərazilərə köçünün başlaması ilə hər ötən gün onlarla, yüzlərlə erməni həmin əraziləri tərk etmək barədə düşünürlər. Bəli, təhlükəsizlik məsələsi ilə həssas olaraq qalır. Bunu elə ötən gün rus sülhməramlılarının nəzarətində olan ərazilərdə hələ də fəaliyyət göstərən separatçı rejimin qalıqları tərəfindən ötən gün Ağdam istiqamətində törədilən silahlı insident fonunda da gördük. Erməni diversantlarının atəş açması nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Bu fakt bir daha göstərir ki, ermənilər azərbaycanlılarla bir yerdə yaşamaq istəmirlər. Amma 44 günlük müharibə ilə işğala son qoyan Azərbaycan kimin nəyi istəyib, istəməməsindən asılı olmayaraq 30 ildir öz yurd-yuvasına həsrət qalan soydaşlarımızı geri qaytarmaq üçün artıq işləri sürətləndirib və bu prosesə heç bir erməni, heç bir qüvvə mane ola bilməyəcək. 

Təhməz Əsədov


Etiketlər:  Ermənistan Qarabağla əbədi vidalaşır erməninin söhbəti FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ