Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orden və medal alan hərbçilər hansı imtiyazlara malikdirlər?

Orden və medal alan hərbçilər hansı imtiyazlara malikdirlər?

Tarix: 7 Iyul 2021 14:00

Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşmasından 9 aya yaxın vaxt keçib. Bu müddət ərzində Prezident İlham Əliyevin imzaladığı müxtəlif sərəncamlarla müharibə iştirakçıları orden və medallara layiq görülüblər.

Dövlət başçısı iyunun 24-də imzaladığı sonuncu  sərəncamlarla 76 mindən çox hərbi qulluqçunu təltif edib. Hazırda aidiyyəti qurumlar tərəfindən orden və medallar təltif olunmuş hərbi qulluqçulara təqdim edilməkdədir. Bu məsələ ətrafında narazılıqlar hələ də qalmaqdadır. Döyüşlərdə iştirak etmələrinə baxmayaraq, medalsız qaldıqlarını iddia edən bəzi müharibə iştirakçıları hesab edirlər ki, təltif olunma prosesində ədalətsizliyə yol verilib. Belə ki, hərbi hissənin qərargahında oturub prosesə nəzarət edən hərbi qulluqçu ilə döyüş prosesinin qaynar nöqtəsində olub, əməliyyatlarda birbaşa iştirak edənlərə eyni medalların verilməsi müəyyən narazılıq yaradıb. Hesab olunur ki, bu prosesdə medallar ön və arxa cəbhədə xidmətlərə görə təqdim olunmalı idi.

Maraqlıdır, görəsən, mütəxəssislərin bu məsələdə yanaşması necədir? Ümumiyyətlə, hərbi qulluqçulara təqdim olunan orden və medallar arasında ən üstün statusa malik olan hansıdır? Orden və medallar hərbi qulluqçulara hansısa imtiyazları verirmi?

Milli.Az bildirir ki, məsələni hafta.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanından başqa digər orden və medallar heç biri xüsusi ödəniş, imtiyaz təqdim etmir:

"Orden və medallar müəyyən əsgər və hərbçilərin müharibədə göstərdiyi xüsusi xidmətinə görə verilən fərqlənmə nişanlarıdır. Hər bir orden və medalın özünün statusu var. Ordenlərin bir qismi göstərilən xüsusi qəhrəmanlıqlar, şücaət üçün nəzərdə tutulubsa, bir qismi isə sadəcə ərazilərin azad edilməsinə görə keçirilən əməliyyatda iştirakı təsdiqləyir. Təbii ki, ordenlər daha üstün statusa malikdir. Dediyim kimi, ərazilərin azad olunmasına görə verilən medallar sadəcə keçirilən döyüş əməliyyatlarında iştirakı təsdiqləyir. Yalnız Vətən Müharibəsi Qəhrəmanı və Milli Qəhrəmanlara  aylıq ödənişlər təyin olunur. Həmin ödənişlər də zaman-zaman artırılır. Digər orden və medallar üçünsə hansısa imtiyaz, aylıq pul ödənişi nəzərdə tutulmayıb".

Orden və medalların təqdimatı zamanı ön və arxa cəbhə amilinin nəzərə alınmaması barədə səsləndirilən iddialara gəlincə, ekspert vurğulayır ki, əməliyyatı planlaşdıran beyin mərkəzi olmadan sahədə əsgər özbaşına olaraq plansız  şəkildə hansısa nailiyyət əldə edə bilməz: "Buna görə də bu məsələlərə bir qədər ehtiyatla yanaşmalıyıq. Təbii ki, əməliyyatlarla əlaqəsi olmayanların əməliyyatla əlaqəsi olanlarla eyni qaydada mükafatlandırılmasının mən də əleyhinəyəm. Bu məsələlərə qəti olaraq fikir bildirməkdən ötrü konkret faktlara əsaslanmalıyıq. Bu faktlar olmadığı təqdirdə, kimin harada olduğunu söyləmək də çətindir. Düşünmürəm ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı narazılıq yaradacaq addımlara yol versinlər. Kimin nəyə görə mükafatlandırılmasını açıqlamaq da bəzi hallarda mümkün olmur. Elə əməliyyatlar var ki, məxfi əməliyyatlardır. Həmin əməliyyat dövlət sirri təşkil edirsə, məxfidirsə, onu açıqlamaq olmaz. Təbii ki, kimsə əməliyyatlarla əlaqəsi olmadan hansısa  şəkildə mükafatlandırma siyahısına düşübsə, mən də bunun əleyhinəyəm. Əksinə, mükafatlandırılmayan insanlar varsa, bu problem aradan qaldırılmalıdır. Təbii ki, belə şəxslər var və problemin aradan qaldırılacağına ümidim çoxdur".

Döyüşdə iştirak edən bəzi hərbi qulluqçuların orden və medalla təltif edilməməsi səbəblərinə də aydınlıq gətirən Ədalət Verdiyev bildirir ki, burada səbəblər müxtəlifdir:

"Tutaq ki, bir bölmə var. Bölmənin komandiri heyətini tanıyır və həmin heyətlə döyüşə girir. Məsələn, bölmə komandiri döyüşdə həlak olur və yerinə yeni bir komandir təyin olunur. Köhnə komandir həyatda yoxdursa, yeni gələn heyətdəkiləri tanıyırmı-tanımırmı məsələsi ortaya çıxır. Bilirsiniz, müharibədə çox şey baş verə bilər. 1945-ci ildə döyüşən babalarımız 80-90, hətta 2000-ci illərə kimi hələ də orden və medallarını alırdılar. Təbii ki, indi 1945-ci il deyil, texnologiya əsridir. Bir az proseslər fərqli gedə bilər. Nəzərə almaq lazımdır ki, bu, bir müharibə idi, həm də sürətli müharibə idi.Heç kim müharibəyə gedəndə orden, medal siyahısına adımı "yazım-yazdırım" kimi şeyləri düşünmürdü. Məqsədimiz Qarabağı azad etmək idi. Əgər biz 30 il Qarabağın azad olunmasına dözə bildiksə, 1-2 ay və yaxud da 6 ay medalımızın gəlməsini və ya siyahıların dəqiqləşməsini gözləyə bilərik. Bu məsələdə səbirli olmağımızda fayda var".

Milli.Az


Etiketlər:  Orden medal alan hərbçilər hansı imtiyazlara malikdirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ