Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 20:42
Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general İqor Romanenko Rusiyanın Ukrayna ətrafında münaqişəni kəskinləşdirəcəyini və tezliklə bu ölkəyə hücum edəcəyini deyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İqor Romanenko "Teleqraf" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hər iki tərəfdə vəziyyət narahatlıq doğurur. Moskva cənubda NATO-nun təlimlərinə paralel olaraq təxribat kimi qiymətləndirilən manevrlər edir. Şimalda Ukrayna ilə sərhədi bağlamağı əmr edən Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərəkətləri potensial təhlükə yaradır.
Donbasla bağlı isə general bildirib ki, Rusiya atəşkəsə əməl etmir: "Şərqdən davamlı hərbi-siyasi təzyiqlər var pasportlaşdırma prosesi davam edir. Beləliklə, ehtiyac olduğu təqdirdə Rusiyanın bu ərazidəki "öz vətəndaşlarını qoruması" üçün variant hazırlanır".
O deyib ki, Rusiyanın Ukraynaya iyul ayında hücumu gözlənilmir, çünki Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Angela Merkellə görüşəcək və bundan sonra Rusiya prezidenti Vladimir Putinlə görüş barədə qərar verilə bilər. "Ukrayna və Rusiya liderləri arasındakı danışıqlar və ya bu danışıqların olmaması münaqişənin yerli müharibəyə çevrilməsinə səbəb ola bilər".
Ukraynalı general Moskvanın bütün istiqamətlərdən hücum üçün kifayət qədər gücə sahib olduğunu və Ukraynaya yayın sonlarında və ya payızın əvvəlində hücum edə biləcəyini bildirib. General qeyd edib ki, Rusiya Belarus-Rusiya birgə təlimləri adı altında gücünə güc qatmaq istəyir.