Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 11:20
Çinin "Huawei" şirkətinə məxsus "Honor" brendi ilk "Honor Vision" televizorunun təqdimat tarixini açıqlayıb. Tədbir avqustun 10-da Çində keçiriləcək.
"ICTnews" Elektron Xəbər Xidməti "DGL" resursuna istinadən yazır ki, söhbətin faktiki "Smart TV" kateqoriyalı televizordan getməsinə baxmayaraq yeni məhsul digər sinfə – "ağıllı" displeylər sinfinə aid edilir.
Bir müddət əvvəl verilən məlumata görə, model videozənglər və istifadəçinin tanınması üçün irəliyə çıxan kamera, eləcə də "ağıllı" ev idarəetməsi ilə bağlı bir sıra funksiyalarla təchiz ediləcək. Qurğunun əsasını "Huawei" törəməsi – "HiSilicon" şirkətinin internet nəhəngi "Baidu" ilə tərəfdaşlıqda hazırladığı "Honghu 818" prosessoru təşkil edəcək.
"Honor" tarixində 55 düym diaqonallı ilk televizorun "HongMeng" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi gözlənilir. Əvvəlcə Çin istehsalçısının yeni platformasının "Honor" və "Huawei" smartfonlarında "Android" əməliyyat sistemini əvəzləyəcəyi ehtimal olunsa da, şirkət nümayəndələri bildirib ki, bu əməliyyat sistemi digər qurğular, o cümlədən "ağıllı" televizorlar üçün nəzərdə tutulub.
Nizam Nuriyev