Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 14:16
44 günlük vətən müharibəsində xüsusi şücaəti ilə seçilən, qəhrəman şəhidlərimizdən biri də Eldost Hüseynovdur. O, Talış döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, şəhid Eldost Hüseynov 44 günlük Vətən müharibəsində xüsusi şücaəti ilə seçilib. O, 1996-cı il dekabrın 16-da Şamaxı rayonunun Talışnuru kəndində anadan olub. Eldost Vətən müharibəsi zamanı bir çox istiqamətlərdə döyüşüb. Sonuncu dəfə Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Burada düşmənin canlı qüvvəsinin məhv edilməsində xüsusi rolu olub. Qəhrəmanımız oktyabrın 7-də Talış döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.
O, həmişə yaxınları ilə danışanda qələbə ilə qayıdacaqlarını bildirirmiş.
Qəhrəman şəhidimiz Şamaxı şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Eldost Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.