Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zakir Həsənov: Azərbaycanın dövlət quruculuğunda prioritet məsələ sayılan ordu quruculuğu yüksək səviyyədə inkişaf etdirilir

Zakir Həsənov: Azərbaycanın dövlət quruculuğunda prioritet məsələ sayılan ordu quruculuğu yüksək səviyyədə inkişaf etdirilir

Tarix: 10 Avqust 2019 11:21

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir: "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Müsəlmanların mənəvi birlik və həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində xüsusilə, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasının dövlət səviyyəsində təmin edilməsi sayəsində xeyirxahlıq, insanpərvərlik rəmzi olan Qurban bayramı ölkəmizdə böyük sevgi və mənəvi coşqu ilə qarşılanır, dövlət səviyyəsində və ümumxalq bayramı kimi qeyd olunur.

Ulu Öndərin ideyalarını sədaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daima möhkəmlənir, Azərbaycan dünyada daha dinamik səviyyədə inkişaf edən, islami və bəşəri dəyərlərə böyük hörmətlə yanaşılan, multikultural mühitin formalaşdığı tolerant dövlət kimi tanınır.

Azərbaycanın dövlət quruculuğunda prioritet məsələ sayılan ordu quruculuğu da ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə inkişaf etdirilir, inamlı islahatlar keçirilir, ordunun maddi-texniki təminatının daha da güclənməsi, müasir hərbi infrastrukturların qurulması ilə əlaqədar addımlar atılır.

Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması, hərbi qulluqçuların mütəmadi olaraq xidməti və daimi mənzillərlə təmin edilməsi, onların maddi, sosial-məişət, xidmət şəraitlərinin daha da yaxşılaşdırılması və dövlət başçısının digər güzəştlərlə bağlı verdiyi sərəncamlar isə Ordumuzun daima diqqət mərkəzində saxlandığına əyani sübutdur.

Bu müqəddəs bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizi ehtiramla yad edir, müqəddəs amal naminə sağlamlığını itirmiş hərbi qulluqçuları, veteranlarımızı və onların ailə üzvlərini də Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamə­lə­rə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da gücləndirəcəksiniz.

Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram.

Qurban bayramınız mübarək olsun!"

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Zakir Həsənov Azərbaycanın dövlət quruculuğunda prioritet məsələ sayılan ordu quruculuğu yüksək səviyyədə inkişaf etdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ