Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaksinasiya olunmamış insanlar üçün koronavirusun “delta” variantı daha təhlükəlidir

Vaksinasiya olunmamış insanlar üçün koronavirusun “delta” variantı daha təhlükəlidir

Tarix: 16 Iyul 2021 23:21

"Delta" ştamı COVID-19-un Uxan variantının mutasiyalarından biridir. İyunun 1-də Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərara əsasən, yeni ştamların coğrafi olaraq ölkə adları ilə adlandırılmaması üçün Hindistan variantına "delta" adı verildi. Böyük Britaniya variantı "alfa", Cənubi Afrika variantı "beta", Braziliya variantı "qamma" ştamı adlandırılıb. "Delta" variantı əslində yeni deyil. İlk dəfə ötən ilin oktyabrında müəyyənləşdirilib. Lakin Hindistanda "delta" variantının hesabına yaz aylarında yoluxma hallarının pik həddə çatması nəticəsində həmin ölkənin səhiyyəsi çox çətin vəziyyətə düşdü. Hazırda bu variant dünyanın 111 ölkəsində yayılıb. Artıq ölkəmizdə də isbatlanmış "delta" variantı var. "Delta" variantı digər ştamlardan fərqli olaraq daha yoluxdurucudur. Əgər "alfa" ştamı koronavirusun orijinal variantından 30-50 faiz daha yoluxdurucu idisə, "delta" variantı da "alfa" ştamına görə 60 faiz daha yoluxdurucudur. Yəni yoluxduruculuğu Uxan variantına görə 100 faizdir və ortalama iki dəfə daha çoxdur. Əgər Uxan variantı ilə yoluxan bir xəstə iki nəfəri, Britaniya variantı ilə yoluxan xəstə üç nəfəri yoluxdura bilirdisə, Hindistan variantı ilə yoluxan xəstə 4 nəfəri yoluxdura bilir. "Delta" variantının ən önəmli xüsusiyyəti daha da yoluxdurucu olması və çox yayılmasıdır. Verilən məlumatlara görə, "delta" variantının anticisimlərdən yayınabilmə ehtimalı var. Dünyanın səhiyyə qurumlarının narahatlığına da məhz həmin xüsusiyyətlər səbəb olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu "Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Mütəxəssisin sözlərinə görə, elm adamları pandemiya başlandığında bunun uzun bir marafon olacağını və virusun mutasiyalara uğrayacağını bəyan edirdilər: "Virus bizim orqanizmimizdə bölünərkən mutasiyalara uğrayır. Onların əksəriyyəti həm xüsusiyyətləri, həm də xəstəliktörətmə qabiliyyəti baxımından çox da önəmli mutasiyalar deyil. Lakin sadalanan dörd variant önəmlidir və onlardakı mutasiyalar fərqlilik yaradır. "Delta" variantında isə cüt mutasiya baş verib. Virusun spayk protein dediyimiz bir hissəciyi var ki, o, bizim orqanizmimizdəki - üst tənəffüs yollarındakı, eləcə də ağciyərlərdəki hüceyrələrə yapışaraq onlara daxil olur. Virusun həmin hissəciyində mutasiya baş verir. Həmin mutasiya nəticəsində koronavirusun "delta" variantı digər ştamları üstələyir, orqanizmimizə daha asan daxil olur. Bu zaman daxil olan miqdar da çox olduğu üçün xəstəliktörətmə qabiliyyəti artır. Ümid edirik ki, bu müddət ərzində virus mutasiyaya uğrayacaq, yoluxduruculuq qabiliyyətini itirəcək. 2002-ci ildə 8 ay ərzində həmin proses SARS virusunda baş verdi, o yoluxduruculuğunu tamamilə itirdi və epidemiya bitdi. Lakin SARS-COV-2-də hələ ki, həmin mutasiyanı görmürük. Əksinə əleyhimizə olan mutasiyaların şahidi oluruq".

E.Qasımov bildirib ki, "delta" variantının koronavirus əleyhinə vaksinasiyadan keçənlərdə yoluxduruculuğu zəifdir: "Yoluxma olacağı halda belə bu xəstələrdə ağırlaşma çox azdır. İsrail və İngiltərədə ümumi toplumun vaksinasiya səviyyəsi daha yüksəkdir. Həmin ölkələrdə əhalinin 55-60 faizi vaksinasiyadan keçib. Son dönəmlərdə istər İsraildə, istərsə də İngiltərədə xəstə sayı artır. O ölkələrin açıqlamalarına görə, bu, "delta" variantının hesabınadır. Həmin ölkələrdən gələn sevindirici xəbər odur ki, yoluxma saylarının artmasına baxmayaraq, COVID-19 səbəbindən ağırlaşma, hospitalizasiya ehtiyacı və ölüm halları çox deyil. Yəni yoluxma sayı artsa da xəstəxanaya yatan xəstələrin sayında artım müşahidə olunmur, əhali "delta" variantına yoluxsa da onu yüngül keçirir. Vaksinasiya olunmamış insanlar üçün "delta" variantı daha təhlükəlidir. Belə ki, həmin ştamın vaksinasiyadan keçməyənlərdə xəstəliktörətmə qabiliyyəti yüksəkdir".

Milli.Az


Etiketlər:  Vaksinasiya olunmamış insanlar üçün koronavirusun delta variantı daha təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ