Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2021 16:32
Əfqanıstanda 2021-ci ilin ilk yarısında həlak olan və yaralanan dinc sakinlərin sayı rekord səviyyəyə çatıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumat BMT-nin Əfqanıstana yardım missiyasının (UNAMA) hesabatında yer alıb.
Hesabata əsasən, dinc əhali arasındakı qurbanların sayı 5183 nəfər (1659 ölü və 3254 yaralı) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur.
Dinc əhaliyə qarşı zorakılıq halları may ayında xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxması fonunda artıb.
Bildirilir ki, Əfqanıstanda zorakılıq əhəmiyyətli dərəcədə azaldılmazsa, 2021-ci ildə dinc əhali arasında qurbanlarla bağlı ən yüksək göstəricilər qeydə alınacaq.
Qeyd edək ki, hazırda ölkədə hökumət qüvvələri ilə "Taliban" hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə "Taliban" döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir. KİV-in məlumatına görə, "Taliban" artıq ölkənin 100-dən çox bölgəsinə nəzarəti ələ keçirib.