Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2021 22:48
Smartfon istifadəçiləri yeni təhlükə ilə qarşılaşıblar. Məlum olub ki, hackerlər Whatsapp zəngləri vasitəsilə gizli şəkildə smartfonlara Pegasus adlı casus tətbiqini quraşdırırlar. Adi istifadəçinin sözügedən tətbiqi aşkar edib silməsi demək olar qeyri-mümkündür. İnsanların bu yeni üsul ilə izlənməsi barədə məlumat bir neçə müddət bundan öncə ortaya çıxıb. Belə ki, məlum olub ki, İsrailin NSO Group şirkətinin Pegasus adlı tətbiqindən istifadə edərək hackerlər dövlət rəhbərlərini izləyirlər. Bu məsələ barəsində araşdırma aparmış şəxslər 50.000 telefon nömrəsindən ibarət məlumatlar bazasını əldə ediblər. Daha sonrakı araşdırmalar sayəsində həmin telefon nömrələrinin bir çox sahibinin adlarını təyin etmək mümkün olub.
Məlumatda qeyd edilib ki, siyahıda həmçinin Fransa prezidenti Emmanuel Macron da var. Məlumatda qeyd edilib ki, ümumilikdə izlənən şəxslər arasında 30 ölkədən 600-ə yaxın məmur ola bilər. Pegasus tətbiqi vasitəsilə hackerlər smartfonun kamerası və mikrofonu üzərində idarəetməni əldə edə, mesajları, elektron poçtdakı məktubları oxuya və smartfonun yerləşdiyi yeri təyin edə bilirlər. Sözügedən tətbiq istifadəçinin xəbəri olmadan smartfona quraşdırılır. Hackerlər bunu Whatsapp zəngləri vasitəsilə reallaşdırırlar. İstifadəçi daxil olan zəngə cavab verməsə də sözügedən casus tətbiqi smartfona quraşdırılır.
Məlumatda həmçinin qeyd edilib ki, bu tətbiq adi mesaj və elektron poçt ünvanı vasitəsilə də smartfona inteqrasiya edilə bilər. Adi istifadəçinin Pegasus-u aşkar etməsi çox qəliz məsələdir. Xüsusi biliklər və bacarıqlar olmadan tətbiqi aşkar edib silmək qeyri-mümkündür. Bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, Whatsapp rəsmi şəkildə NSO Group şirkətini məhkəməyə verib. Belə ki, istifadəçilər öz smartfonlarının zərərli tətbiq vasitəsilə yoluxmalarından şikəyətlənirdilər. Nəticədə Whatsapp bu prosesi yerinə yetirməyə imkan verən sistem boşluğunu aradan qaldırdı. NSO Group isə öz növbəsində qeyd edib ki, o sadəcə olaraq proqram təminatının hazırlanması ilə məşğuldur və smartfonların casus tətbiq ilə yoluxması məsələsində iştirak etməyib.