Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2021 15:54
"Türkiyə və Azərbaycan dövlət, xalq, cəmiyyət olaraq ortaq tariximizə, tariximizdə üzləşdiyimiz problemlərə, onlara qarşı apardığımız mübarizəyə sadiqlik göstərərək, bu günün də yaratmış olduğu reallıqlara çevik və adekvat cavab verərək hər zaman sevincdə də, kədərdə də bir-birinə dəstəkdir".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, dövlətimizin qardaş dövlətə yardım göndərməsi Şuşa bəyannaməsinin ruhuna tamamilə uyğundur:
"Nəzərə alsaq ki, 15 iyun 2021-ci il tarixində Türkiyə və Azərbaycan arasında ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyəti, milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsipləri qeyd olunur, o zaman Türkiyədə baş verən yanğınlarla əlaqədar olaraq dövlətimizin qardaş dövlətə 500 nəfərlik heyət, helikopterlər, bütün lazımi avadanlıq və ləvazimatlar göndərməsi Şuşa bəyannaməsinin ruhuna tamamilə uyğundur.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Onların siyasətlərinin davamçıları Prezident İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan da atdığı hər addımda bu iki dövlət adamlarının ideallarına sadiqdirlər. Eynilə, xalqımız, cəmiyyətimiz də sevincdə də, kədərdə də bir yerdədir. Bu baxımdan da Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları bizi dərindən kədərləndirir.
Məsələ ilə əlaqədar Prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi. Eynilə, bütün Azərbaycan xalqı media vasitəsilə hadisənin gedişini anbaan izləyir, sosial şəbəkələrdə yanğınla əlaqədar olaraq genişmiqyaslı dəstək nümayiş olunur. Bu isə bir daha onu göstərir ki, təkcə dövlətlərimiz yox, sadə vətəndaşlarımız da bir-birilərinə dəstəkdirlər.
İllər ərzində Türkiyə Ermənistanın işğal siyasətinə görə Azərbaycana sadəcə sözdə deyil, əməldə dəstək nümayiş etdirərək yanımızda oldu. Eynilə biz də qəlbdən həm dövlət, hökümət, xalq, cəmiyyət olaraq Türkiyənin yanındayıq.
Azərbaycan Prezidenti cənab İlham Əliyev, eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqının milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki dahi liderdir.
Əminik ki, güclü Türkiyə dövlətinin güclü Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında mətin türk xalqı bu sınaqdan da çıxacaq. Bütün dünya liderlərindən Türkiyəyə dəstək nümayiş olunur. Yanğın nəticəsində həyatını itirən insanlara Allahdan rəhmət diləyirik. Xəsarət alan, yaranan insanlara şəfa diləyirik".
Təhməz Əsədov