Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 22:42
Bir çox hallarda yeni tikilən çoxmənzilli binalarda mənzillərin alınması zamanı mənzilin ümumi sahəsinin qanunvericiliyə uyğun olaraq hesablanan sahədən daha artıq olması müşahidə olunur. Tikinti şirkəti üçün bu maddi baxımdan "sərfəli" olsa da, mövcud durum qanunvericiliyin pozulmasına və nəticə etibarı ilə vətəndaşın aldadılmasına gətirib çıxarır. Mənzil alan şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış aldıqda mənzilin qanunauyğun hesablanmış sahəsi ilə tanış olur və çıxarışda mənzilin ümumi sahəsinin tikinti şirkətinin təqdim etdiyi sənəddə göstəriləndən az olduğunu görür.
Sonxeber.net bildirir ki, İqtisadiyyat Nazirliyi çoxmənzilli binalardakı mənzillərin ümumi sahəsinin hesablanması qaydasını açıqlayıb.
Qanunvericiliyin tələblərinə əsasən...
Çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2012-ci il 4 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması" qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən, mənzillərin ümumi sahəsi - yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydalara əsasən yaşayış binasında otaqların və digər ərazilərin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər ərazilərin sahələrinə daxil edilmir.
Qaydalara əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri - 0,3, şüşəbənd və lociyalar - 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil olunur. Eyvanların (verandaların) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq yaranır. Məlumat üçün bildirək ki, balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan - binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş ərazidir. Beləliklə balkon və terrasların sahələrinin 30 faizi, şüşəbənd və lociyaların 50 faizi, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edək ki, balkonun sahəsi 10 kvadratmetr olduqda 0,3 azaltma əmsalı tətbiq edərək balkona dair 3 kvadratmetr sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır.
Bəs ümumi sahə üzrə fərq necə yaranır?
Əksər tikinti şirkətləri tərəfindən çoxmənzilli binalardakı mənzillərin sahəsi bayır divarların üst səthindən ölçməklə hesablanır. Otaqlar və mənzillər arasındakı ara divarlar da ümumi sahəyə əlavə edilir, eləcə də qaydalara uyğun olaraq tələb olunan azaltma əmsalları tətbiq edilmir.
Bu cür hallarla qarşılaşan vətəndaşlar nə etməlidir?
Mənzil sahibi olmaq istəyən vətəndaşlar seçdikləri mənzilin ümumi sahəsinin qaydalara uyğun hesablandığına əmin olduqdan sonra müqaviləni imzalamalı və ödənişi həyata keçirməlidirlər. Ümumi sahə üzrə çıxarış və müqavilədəki fərqi görən mənzil sahibi bununla bağlı tikinti şirkətinə müraciət edərək ödədiyi artıq pulu tələb edə bilər. Əgər tikinti şirkəti qanunazidd formada hesabladığı sahə üzrə ödənişi geri qaytarmasa, mənzil sahibi pozulmuş hüququ ilə bağlı məhkəməyə müraciət etmək mümkündür.