Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 22:21
İsveçin Umea Universitetindən olan alimlər COVID-19 xəstələrində miokard infarktı və işemik insult riskinin qat-qat artdığını bildiriblər.
Sonxeber.net publika.az-a istinadən bildirir ki, alimlər 86 min koronavirus xəstəsinin və 350 minə yaxın şəxsin nəticələrini müqayisə etdikdən sonra bu nəticəyə gəliblər. Məlum olub ki, koronavirus simptomlarının başlanmasından sonra ilk həftədə infarkt riski 3-8 dəfə, insult riski isə 3-6 dəfə artır. Xəstəlikdən 2 həftə sonra 56 yoluxmuş insan infarkt keçirib, halbuki bütün tədqiqat dövründə virusa yoluxmayan insanlardan cəmi 26-sı infarkt olub. Eyni zamanda əvvəllər infarkt və ya insult keçirmiş xəstələr nəzərə alınmayıb.
Tədqiq edilən koronavirus xəstələri qrupunda orta yaş 48 təşkil edib və onların yarıdan çoxu (57%) qadın olub. Amma gözlənildiyi kimi, infarkt kişilərdə daha çox görülüb. Bunun 2 səbəbi var: ya kişilər cinsi hormonlarından zərər çəkirlər, ya da nikotin, spirtli içki kimi zərərli asılılıqları var.
Maraqlıdır ki, qrip fonunda belə riskli vəziyyətlər koronavirusdan 6-7 dəfə daha az baş verir. Alimlər ürək və qan damarlarında ciddi problemlərin SARS-CoV-2 virusunun spesifik xüsusiyyətlərindən qaynaqlandığı qənaətinə gəliblər. Tədqiqatçılar "sitokin fırtınası" adlandırılan koronavirusa qarşı hipertrofiyalı immun cavabın ola biləcəyinə inanırlar. Bu, bədənin müdafiə sisteminin yalnız patogenləri deyil, həm də insanın öz hüceyrələrini məhv etdiyi bir bəladır.
Miokard infarktı və işemik insultun təbiətcə oxşar olduğunu söyləmək lazımdır. Miokard ürək əzələsidir. İnfarkt faktiki olaraq nekrozdur. Bu, çox sadə bir səbəbdən olur: oksigen ötürülmür. Niyə oksigen getmir? Qan dövranının zəifləməsi nəticəsində ürək əzələsi aclıqdan ölür. İşemik insultda da beyində eyni vəziyyət olacaq. Bu, beyin infarktıdır. Səbəb eynidir - damarların bir yerində tıxanma yaranır və qan axını dayanır. Qan axınının dayanması isə oksigenin olmaması deməkdir. Oksigensiz beyin hüceyrələri təxminən 50 saat yaşaya bilər, sonra geridönməz şəkildə ölürlər.
Beyində oksigen blokadasının meydana gəldiyini göstərən simptomlar aşağıdakılardır:
"Əyri gülümsəmə": dodağın bir küncü əyilir.
İnsan iki əlini bərabər şəkildə qaldıra bilmir.
İnsan dilini çıxara bilmir.
Gözlər sinxron şəkildə hərəkət etmir.
Nitq pozğunluğu baş verir.
Gözlər çəpləşir.
Bir tərəf keyləşir.
İsveçli elm adamlarının sözlərinə görə, koronavirus zamanı atriyal fibrilasiya tez-tez baş verir. Bu o deməkdir ki, ürək nizamsız fasilələrlə döyünür. Aritmiyalar saniyədə bir dəfə normal impuls vermir, ancaq zəif titrəyir və bu, kardioqramdakı müvafiq dalğalardan çox aydın şəkildə görünür.
Rusiyalı kardioloq, ürək-damar cərrahı Vladimir Xoroşev "Life.ru"ya verdiyi müsahibədə bildirib ki, koronavirus qan laxtalanmasına səbəb olur, həmçinin infeksiya qan damarlarının daxili divar hüceyrələrinə təsir edir:
"Koronavirus xəstələrində damarların daxili divarları qalınlaşır, ödem, müəyyən spesifik iltihablı reaksiya əmələ gəlir. Bu, insan bədəninin bütün toxumalarına nüfuz edən ən kiçik kapilyarlara qədər bütün damarların daxili divarlarında baş verir. Koronavirus onurğanın da vəziyyətinə təsir edir".
Kardioloq xatırladıb ki, yeddi boyun fəqərəsindən altısında onurğa arteriyaları keçir. Bunlar ikilikdə beyinə arterial qanın 40-44 faizini təmin edirlər.
"Koronavirusda birləşdirici toxumanın xüsusən də qığırdaq toxumasının vəziyyəti kəskin şəkildə pisləşir. Onurğada, xüsusən də boyun nahiyəsində ən incə intervertebral disklər yerləşir. Onların qidalanması pisləşir və nəticədə onurğanın boyun bölməsinin hündürlüyü azalır. Onun azalması onurğa arteriyaların qeyri-normal əyriliyi deməkdir. Və bu patoloji əyrilik səbəbilə beyində qan axını pisləşir", - Vladimir Xoroşev bildirib.
Həkim əlavə edib ki, koronavirus xüsusilə damar problemi olanlar üçün təhlükəlidir: ateroskleroz, tromboz, koroner ürək xəstəliyi və s. Onun fikrincə, COVID-19 sağlam ürəyə və qan damarlarına da zərər verə bilər: infeksiya ən çox ağciyərlərə yayılır, yəni bütün orqanizmə oksigen tədarükünü pisləşdirir. Bütün bunlardan sonra elm hələ də bilmir ki, post-koronavirus dövründə infarkt və insult riski müvəqqətidir, ya yox".