Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncənin 60 ildir futbola azarkeşlik edən sakini - “Arxiv Zahid” - VİDEO - FOTO

Gəncənin 60 ildir futbola azarkeşlik edən sakini - “Arxiv Zahid” - VİDEO - FOTO

Tarix: 11 Avqust 2021 22:12

Futbol dünyanın ən çox sevilən və izləyici kütləsi olan populyar idman növlərindən biridir. Milyonlarla insan futbola azarkeşlik edir. Ölkəmizdə də futbol fanatları az deyil. Kiçikdən-böyüyə hər kəsin diqqətini cəlb edən bu idman növünün qocaman fanatlarında biri də 68 yaşlı Gəncə sakini Zahid Hüseynovdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Zahid Hüseynov futbola aid aksesuarlar, formalar və digər əşyalar toplamaqla yanaşı, ötən əsrin əvvəllərində nəşr olunan və bu idmandan bəhs edən bir çox jurnal və kitabları da evində saxlayaraq, sanki bir arxiv yaradıb.

"Uşaq vaxtından futbola azarkeşlik edirəm. 8 yaşımdan Gəncədə yerləşən Kəpəz stadionuna gedib-gəlirəm. Futbolu çox sevirəm ki, evdə 10-15 top, "Qarabağ", "Kəpəz", "Neftçi" və digər futbol klublarının formaları var. Futbolçular arasında və bu sahədə çalışan dostlarım da çoxdur," - deyən qocaman azarkeş tanınmış klubların və heyətlərinin adını əzbər bilir.

Futbolla nəfəs alan Z.Hüseynov mindən artıq kitab və jurnalın onun şəxsi arxivində yer aldığını söyləyir: "Məndə təkcə futbola aid yox, müxtəlif idman növləri ilə bağlı, Qarabağ bölgəsinə aid və bədii kitablar da var. Ona görə də hamı mənə "Arxiv Zahid" deyir".

Futbol oyununun qaydaları, təqvim-məlumat kitabçaları, futbolçu və hakimlər üçün kitabçalar və s. nəşrlər, bir əsrə yaxın yaşı olan jurnallar, qəzetlər, müxtəlif ölkələrə və dövrlərə məxsus fitlər, formalar, oyun kartları ilə zəngin futbol arxivinin sahibi sağlam həyat tərzi keçirdiyini də vurğulayıb.

"Mən ümumiyyətlə nəqliyyat vasitələrindən istifadə etmirəm. Piyada gəzməyi sevirəm. İnsan gərək ən azı gündə iki kilometr gəzsin. Təmiz hava qəbul etmək, gümrah olmaq, qan dövranının yaxşı olmağı üçün piyada gəzmək mütləqdir," - deyə Zahid Hüseynov sağlam həyat tərzinin üstünlüklərindən danışır.

Onun bu marağı futbolçuların və media nümayəndələrinin də diqqətini cəlb edib. Azarkeş deyir ki, tanınmış futbolçular və idman jurnalistlərinin bir çoxu ilə dostluq münasibətləri də var.

Milli.Az


Etiketlər:  Gəncənin 60 ildir futbola azarkeşlik edən sakini Arxiv Zahid VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ