Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 23:16
İsveçrədə koronavirus əleyhinə peyvənd olunmayanlar üçün təklif edilən pulsuz test imkanı oktyabr ayından etibarən ləğv edilə bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu təklifi irəli sürən hökumətin niyyəti peyvənd əleyhdarlarının pulsuz testlər vasitəsilə vergiödəyiciləri hesabına sosial sistemdən sui-istifadəsinin qarşısını almaqdır. Səhiyyə naziri Alen Berset bildirib ki, hökumətdaxili müzakirələrdə vergiödəyicilərinin peyvənddən imtina edən şəxslər üçün hər ay bir neçə dəfə pulsuz testlərin ödənişini öz üzərinə götürməsi tənqid olunub. Hesab edilib ki, şəxsi istək əsasında verilmiş qərarın xərcini bütün ölkə əhalisinin çiyinləri üzərinə qoymaq yolverilməzdir.
Nazir, həmçinin qeyd edib ki, koronavirusa yoluxma ilə bağlı əsaslı şübhələrin və əlamətlərin olduğu şəxslər üçün bundan sonra da testlər pulsuz olaraq qalacaq. Ölkə əhalisinin təxminən yarısı koronavirusa qarşı tam peyvənd olunsa da, əhali arasında peyvənddən boyun qaçıran və ya vaksinə qarşı çıxanların sayı kifayət qədərdir. Digər Avropa ölkələrində olduğu kimi, İsveçrədə də sosial sığorta sistemindən sui-istifadə hallarının qarşısını almaq üçün əhalinin bu hissəsini vaksinasiya kampaniyasına cəlb etmək üçün müxtəlif tədbirlər hazırlanır.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu təklif qərara çevrilməzdən əvvəl hələ kanton təmsilçiləri ilə müzakirə edilməlidir.