Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyada virusa qarşı peyvənd olunanlarda ölüm riski 97 faiz daha azdır

İtaliyada virusa qarşı peyvənd olunanlarda ölüm riski 97 faiz daha azdır

Tarix: 15 Avqust 2021 21:12

İtaliyada pandemiya dövründə statistik məlumatları dərc edən Ali Səhiyyə İnstitutunun hesabatına görə, ölkədə COVID-19-a qarşı peyvəndin hər iki dozasını qəbul edənlərin bu xəstəlikdən ölüm riski vaksinasiyadan keçməyənlərə nisbətən 96,82 faiz daha azdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hesabatda son aylarda ölkədəki epidemioloji vəziyyətə, xəstəxanaya yerləşdirilənlərin, reanimasiyada olanların və virusdan ölənlərin sayına, peyvənd olunanlar və vaksinasiyadan keçməyənlərə dair məlumatlar təhlil edilib. Aprelin 4-dən avqustun 8-dək olan dövrü əhatə edən məlumatlara görə, vaksinasiyadan keçməyənlər peyvənd edilənlərə nisbətən daha böyük risk altındadırlar. Belə ki, peyvənd olunmayanlarla müqayisədə vaksinasiyadan keçənlərin ölüm riski 96,82 faiz, reanimasiyaya ehtiyac nisbəti isə 97,16 faiz daha aşağıdır.

Peyvənd olunanların xəstəxanaya yerləşdirilməkdən qorunma nisbəti 94,7 faiz, xəstəlikdən qorunma nisbəti isə 82,33 faizdir.

Qeyd edək ki, hazırda İtaliyada "Pfizer/BioNTech", "Janssen", "Moderna" və "Vaxzevria" ("AstraZeneca") peyvəndlərindən istifadə olunur. Dekabr ayında başlayan vaksinasiya kampaniyası çərçivəsində bu günə qədər 12 yaşdan yuxarı əhalinin 65 faizinə bərabər olmaqla hər iki dozanı qəbul edənlərin sayı 35 milyon nəfərdən çoxdur.

İtaliya hökuməti avqustun 6-dan bir çox mədəniyyət və əyləncə obyektinə girişdə vaksin sertifikatı ("Green pass") tələbini tətbiq edib.

Peyvəndin ilk dozasından sonra verilən bu sənəd ikinci dozanın qəbulu tarixinə qədər etibarlı sayılır və hər iki dozanı tamamlayanlara verilən sənəd isə 9 ay ərzində etibarlıdır. Xəstəlikdən sağalanların sənədləri 6 ay, COVID-19-a qarşı testin nəticələri 48 saat etibarlıdır.

Milli.Az


Etiketlər:  İtaliyada virusa qarşı peyvənd olunanlarda ölüm riski 97 faiz daha azdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ