Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın yeni müharibə hazırlığı - Azərbaycan dəqiq vaxtı bilir

Ermənistanın yeni müharibə hazırlığı -  Azərbaycan dəqiq vaxtı bilir

Tarix: 16 Avqust 2021 11:21

Prezident İlham Əliyevin "CNN Türk" telekanalına müsahibəsinin Ermənistanı və ona havadarlıq edən qüvvələri əməlli-başlı silkələdiyi cəmi bir neçə saat sonra özünü əks etdirdi. Azərbaycan dövlət başçısının çıxışından, xüsusilə də, "Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır" sözlərindən düşmənin qorxuya düşdüyü açıq-aşkar hiss edilir.

İlham Əliyevin verdiyi mesajlardan qorxuya düşən düşmənin Ağdərəyə od vurması bizə 44 günlük müharibədən sonrakı dövrü - Ağdam, Kəlbəcər və Laçının Azərbaycana təhvil verilməsi üçün ayrılan müddətdə ərazilərimizi tərk edən ermənilərin evlərə od vurub, yandırması hadisəsini xatırlatdı. Buradan belə bir nəticə çıxır ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan Prezidentinin verdiyi mesajı nəinki anlayıb, II Qarabağ müharibəsindən sonra son zamanlar yenidən düşdükləri ekstaz hissindən uzaqlaşmağa məcbur edib.

Prezident İlham Əliyevin "CNN türk" telekanalına müsahibəsindən sonra Ermənistan tərəfinin belə bir addım atması onların regiondakı reallığı zingildiyə-zingildiyə məcbur qəbul ediklərini göstərir. Həmin əraziləri çox qısa zamanda tərk etməkdən başqa çıxış yollarının qalmadığını yaxşı anlayan Ermənistan tərəfi, ərazilərə od vurmaqla yenə də öz murdar, məkirli niyyətlərini ortaya qoyaraq maksimum şəkildə Azərbaycanın flora, faunasına ziyan vurmaq niyyətindədirlər.

Hə, burada digər bir məsələ ortaya çıxır: Rusiya sülhməramlı kontingenti müvəqqəti yerləşdiyi Ağdərədə ermənilərin belə bir təxribatına niyə göz yumur? Bu hadisəyə kimi son zamanlar sülhməramlıların yerləşdiyi ərazilərdə ermənilərin mövqelərimizi tez-tez atəşə məruz qoyması, yeni postlar qurması, eyni zamanda canlı qüvvə və silah-sursatla təchiz edilmələrinə dair Azərbaycanın əlində xeyli faktlar var və buna Rusiya tərəfinin göz yumması sülhməramlıların işinə ləkədən başqa bir şey deyil. Laçın dəhlizi vasitəsilə Ermənistanın növbəti təxribat planlarını həyata keçirmək üçün kontingentin müvəqqəti nəzarət etdiyi ərazilərə bu qədər qanunsuz silah-sursat və canlı qüvvə daşınmasına göz yumması, şərait yaratması 10 noyabr bəyanatına tamamilə ziddir. Azərbaycan Prezidenti bununla bağlı müsahibə zamanı kəskin mövqe ortaya qoydu.

İlham Əliyevin "Laçın dəhlizi bizim gözümüzün önündədir. Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik" açıqlaması rəsmi Moskvaya "Sizin bölgəyə sülhü, təhlükəsizliyi, sabitliyi təmin etmək üçün gəlmənizə razılıq verdik, belə özbaşınalıqlar etməyə yox. Düşünməyin ki, etdiyiniz qanunsuzluqlardan xəbədar deyilik. Biz nəinki başlı-başına buraxdığınız ermənilərə, eyni zamanda sizə də nəzarət edirik" mesajını vermiş oldu. Dövlət başçısı bununla Rusiya sülhməramlı kontingentinin hər addımını rəsmi Bakının diqqətlə izlədiyini Moskvaya çatdırdı. 

Dövlət başçısı müsahibə zamanı Rusiyadan gözləntilərimizi açıq şəkildə bəyan etdi. O, Kreml rəhbərliyindən üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilməsində məsuliyyətli olmağa çağırdı. "Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır" deməklə Rusiyadan Azərbaycana dost, müttəfiq olmaz mesajı ilə Moskvanın Azərbaycanın etimadını qırdığına işarə edib. Rusiyanı bölgədə uzunmüddətli sülhü təmin etmək üçün addımlar atmağa çağıran dövlət başçısı. rəsmi Bakının gözləntiləri barədə deyib: "Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır".

30 illik işğal zamanı və 44 günlük müharibənın də gedişində Rusiyadan Ermənistana yük təyyarələri və quru yollarla daşınan silah-sursatlar, ağır hərbi texnikaların aqibəti heç kimə sirr deyil. Bu gün Bakının mərkəzində Hərbi Qənimətlər Parkında məhv edilən Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın məhz 90%-nin Rusiyaya aid olduğundan hər kəs xəbərdardır. Azərbaycan Prezidentinin Rusiyanın Ermənistanı silahlandırmasının məntiqsiz adlandırması, əslində Moskva ilə yanaşı Ermənistan üçün də ciddi bir xəbərdarlıq olmalıdır. Çünki son 30 il ərzində Rusiyanın Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız verdiyi silahların böyük bir qismi Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir.

Əgər Rusiya üçtərəfli bəyanatın vasitəçi tərəfi kimi öz missiyasını yerinə yetirməzsə, Azərbaycan beynəlxalq sənədlərə söykənən ərazi bütövlüyünü bərpa etmək hüququnu yenidən öz üzərinə götürəcək. Azərbaycan Prezidentinin "Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar" sözləri də Ermənistan rəhbərliyinə və onu silah-sursatla təmin edən havadarlarına məhz bundan ibarətdir.

Azərbaycan bölgədə yeni müharibə istəmir, lakin Ermənistan qanunsuz silahlanmağa davam edərsə və bəyanatın müddəları yerinə yetirilmək əvəzinə təxribatlar artarsa, Azərbaycan Ordusu yenidən ön plana çıxaraq missiyanı özü tamamlayacaq. Əgər kimlərsə, 30 il ərzində olduğu kimi, postmüharibə dövründə də, köhnə siyasətlərindən əl çəkməyəcəklərsə, bu, bölgədə yenidən dinamik hərbi mərhələnin başlanması ilə nəticələnə bilər ki, Azərbaycan geniş anti-terror əməliyyatı həyata keçirməklə bəyanatın müddəlarını güc yolu ilə icra etdirəcək. Əgər həqiqətəndə bölgədə sülh istəyirlərsə, Azərbaycan Prezidentinin ortaya qoyduğu konsepsiyaya uymaq lazım, rəsmi Bakının təqdim etdiyi gündəlik əsas götürülməlidir. Postkonflikt dövrünün reallığı ilə ayaqlaşmamaq Ermənistanın yalnız ziyanına işləyəcək ki, Prezident İlham Əliyev buna son müsahibədə geniş izah verdi.

Təhməz Əsədov


Etiketlər:  Ermənistanın yeni müharibə hazırlığı Azərbaycan dəqiq vaxtı bilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ