Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 07:56
"İlk hissədə potensialımızdan aşağı səviyyədə çıxış etdik. Müdafiədən çıxmaqda çətinlik çəkirdik. Məşqlərdə bunun üzərində çox işləyirdik. Çox sadə iki qol buraxdıq".
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
O, DÇ-2022-nin seçmə mərhələsinin Lüksemburqla oyunundan sonra təşkil olunan mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb. İtaliyalı mütəxəssis 1:2 hesablı məğlubiyyətə şərh verib: "İstək və aqressiya baxımından rəqibdən geri qalırdıq. Fasilədə 3 əvəzetmə etdik və oyunu dəyişdiyimizi düşünürəm. İkinci hissənin 12-ci dəqiqəsindən etibarən oyuna nəzarəti ələ aldıq. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Belə oyunlarda ilk dəqiqələrdən istəkli olmalıyıq. Rəqibin bir çox oyunçusu ölkə xaricindəki klublarda oynayır".
De Byazi ilk yarıdakı zəif oyuna izah verib: "Bu suala cavab vermək çətindir. Düşünürəm ki, bu təkcə heyətlə bağlı deyil. İlk yarıda çətinliklər çəkirdik. İkinci hissə fərqli oldu. Start heyətini ona görə belə qurmuşdum ki, biz avqustun 25-dən məşq keçirik, digərləri ayın 28-də bizə qoşulub. Xaricdən gələnlər isə yalnız bir məşqdə iştirak edib. Kimi daha çox görüb, kiminlə daha çox hazırlaşmışıqsa onlarla oynamağa qərar verdik. Sabahdan məşqlərə başlayaq və görək futbolçular nə vəziyyətdədir. İrlandiya ilə matça fiziki hazır olmalıyıq. Rəqib fiziki cəhətdən yaxşı hazırlıqlı komandadır. Bizi çətin və ağır oyun gözləyir".