Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ağac növlərinin ən azı 30 faizi vəhşi təbiətdə yoxolma təhlükəsi ilə üzləşir

Dünyada ağac növlərinin ən azı 30 faizi vəhşi təbiətdə yoxolma təhlükəsi ilə üzləşir

Tarix: 3 Sentyabr 2021 21:56

Londonda yerləşən Beynəlxalq Nəbatat Bağlarının Mühafizəsi Agentliyi dünyadakı ağac növlərinin ən azı 30 faizinin vəhşi təbiətdə yoxolma təhlükəsi ilə üzləşdiyini bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, agentlik tərəfindən nəşr olunan hesabatda, yüzlərlə ağac növünün yox olmağa çox yaxın olduğu açıqlanıb.

"Dünya Ağaclarının Vəziyyəti" adlı hesabatda, bütün dünyada 58 min 497 ağac növü arasında 17 min 510 növün böyük risk altında olduğu, artıq 142 növ ağacın nəslinin kəsildiyi bildirilir.

Nəsli kəsilməkdə olan ağac növləri, təhlükə altında olan məməlilərin, quşların, amfibiyaların və sürünənlərin sayından iki dəfə çoxdur.

Ekoloji təşkilatlar, meşələrin qırılması, ağacların kəsilməsi və iqlim dəyişikliyi təhlükələri qarşısında ağac növlərinin təcili qorunmasını tələb edir.

Dünya Təbiəti və Təbii Sərvətlərin Qorunması Birliyinin Qlobal Ağac Ekspertləri Qrupunun həmsədri Sara Oldfild, sağlam bir dünya üçün ağac növlərinin müxtəlifliyinə ehtiyacımız olduğunu bildirərək söyləyib ki, "Hər ağac növünün özünəməxsus ekoloji rolu var. Dünyadakı ağac növlərinin 30 faizinin nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi üçün təcili olaraq mühafizə tədbirlərini artırmalıyıq".

Dünyada ən çox ağac növünə Mərkəzi və Cənubi Amerikada rast gəlinir.

Braziliya ən çox ağac növünün risk altında olduğu ölkələr siyahısında 1788 növlə birinci yerdədir. Braziliyanı İndoneziya, Malayziya, Çin, Kolumbiya və Venesuela izləyir.

Tükənməkdə olan növlərin ən çox hissəsi Afrikadadır. Nisbətən az ağac müxtəlifliyinə malik olan Avropa, Asiya və Şimali Amerikanın mülayim bölgələri, nəsli kəsilmək təhlükəsi olan ağac növlərinin ən aşağı nisbətinə malikdir.

İqlim dəyişikliyi, kəskin hava şəraiti və dəniz səviyyəsinin yüksəlməsi ağaclar üçün artan digər təhlükələrdir. Ancaq hesabatın müəllifləri söyləyirlər ki, yaradılacaq mühafizə tədbirləri gələcəyə ümid bəsləməyə imkan verir.

Beynəlxalq Nəbatat Bağlarının Mühafizəsi Agentliyinin üzvü Malin Rivers deyib: "Planetimizdə təxminən 60 min ağac növü var. İlk dəfə olaraq hansı ağac növlərinin harada olduğunu, hansı təhlükələrlə üzləşdiklərini və onları qorumaq üçün nələrə ehtiyac olduğunu bilirik".

Qeyd edək ki, meşə sahələri son 300 ildə təxminən 40 faiz azalıb. 29 ölkə meşə örtüyünün 90 faizdən çoxunu itirib.


Etiketlər:  Dünyada ağac növlərinin azı faizi vəhşi təbiətdə yoxolma təhlükəsi ilə üzləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ