Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 19:45
ATV-nin keçmiş aparıcıları İlkin Həsəni və Aytən Səfərova "Space TV" ilə danışıqlara başlayıb.
Sonxeber.net xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl işindən ayrılan Səfərova və uzun illərdir efirlərdən uzaq düşən Həsəni yenidən tamaşaçı qarşısına çıxmaq niyyətindədir.
Onlar həm rəhbərliyi, həm heyəti, həm də texniki cəhətdən yenilənən kanalla çalışmaq barədə təklif alıb. Artıq hər iki aparıcı bir neçə dəfə kanala gedərək rəhbər Müşviq Hətəmovla müzakirələr aparıb.
Məsələ ilə bağlı hər iki aparıcı ilə əlaqə saxlayıb. A. Səfərova saytımıza açıqlamasında bildirib ki, danışıqlar gedir, lakin rəsmi bir qərar verilməyib:
"Danışıqlar gedir. Təkcə ora deyil, digər kanallarla da həmçinin... Lakin Space TV-də efirə çıxmağım barədə mən və qarşı tərəfdən rəsmi qərar verilməyib".
İ. Həsəni isə mövzu barədə danışmaq istəməyib.
Həmçinin, yenilənən kanala aparıcı Zümrüd Qasımova təklif alsa da, o, Xəzər TV-nin siması olduğu üçün Murad Dadaşov icazə verməyib.
Qeyd edək ki, Space TV yeni sezonda yenilənmiş formada yayıma başlayacaq. Kanal HD formatında, dəyişmiş texnika və dekorasiya və yeni simaları ilə tamaşaçı qarşısına çıxacaq.
Xatırladaq ki, Vaqif Mustafayevin rəhbərliyi dövründə sözügedən kanal bayağı proqramları, dəvət olunan qonaqları ilə tez-tez gündəmə gəlir, mütəmadi olaraq efirdə Hindistan istehsalı olan filmlər yayımlanırdı. Həmçinin, televiziya rəhbəri işçilərin maaşını uzun müddətdir verməmiş, bununla bağlı yerli KİV-də məlumatlar dərc edilmişdi.