Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2021 20:57
Həkim məsləhəti və proqram olmadan arıqlamaq sağlamlıq üçün ciddi təhlükə yaradır. Çəki itirmək birbaşa mədə-bağırsaq sistemi ilə əlaqədar prosesdir. Yanlış pəhriz sistemi həmin orqanlarda ciddi fəsadlar yarada bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Bəzən kortəbii şəkildə pəhriz saxlayaraq arıqladığını düşünənlər var. Bu zaman onlar saatlarla ac qalmaqla və yaxud quru qidalar qəbul etməklə artıq çəkidən azad olduqlarını düşünürlər. Bu, tam yanlışdır. Düzgün qidalanmamaq və quru yeməklərə üstünlük verilməsi nəticəsində mədədə bir çox xəstəliklər baş verir. Mədədə yara, erroziyalar, mədənin qoruyucu mexanizminin pozulması nəticəsində mədənin selikli qişası zədələnir və bu zaman mədədə müxtəlif iltihabi xəstəliklər baş qaldırır".
Gün ərzində bədəni ac saxlamaq, yalnız meyvələrlə qidalanmaq düzgün deyil. Metobolizmin pozulmaması üçün həkimlər diqqətli olmağa çağırır. Həkim-diyetoloq deyib: "Aktivliyin çox olması, çoxlu fiziki hərəkətlər etmək, günün işıqlı vaxtında gəzintiyə çıxmaq, təmiz havada vaxt keçirmək arıqlamağa kömək edir. Qidalanma rejimi normal olanda, səhər, günorta və axşam qəbul edilən kalorilərə fikir vermək lazımdır. Həkimin təyin etdiyi pəhrizə düzgün əməl ediləndə çəki itirilməsi normal olur və heç bir fəsad yaranmır".
Yaş və çəki dərəcəsindən asılı olmayaraq sağlam qidalanmağa üstünlük verilməlidir. Bu, düzgün şəkildə arıqlayıb daim formada qalmağa birbaşa təsir edəcək.