Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xəstəliyin dərəcəsi ağır olduqda...''

''Xəstəliyin dərəcəsi ağır olduqda...''

Tarix: 12 Sentyabr 2021 23:12

Ölkə əhalisinin təxminən bir milyonu eşitmə azlığından əziyyət çəkir. Anadangəlmə eşitmə qabiliyyəti olmayanlarda lal-karlıq yaranır. Qulağın xroniki infeksiyaları - məxmərək, qızılca, parotit, meningit xəstəlikləri, həmçinin bəzi dərman preparatları və ətraf mühitin zərərli amilləri eşitmə qabiliyyətinin itməsinə və ağıreşitməyə səbəb olan başlıca amillərdir. Eşitmə problemlərindən biri olan neyrosensor ağıreşitmə daxili qulaq və ya mərkəzi sinir mənşəli eşitmə azlığıdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-otolarinqoloq Murad Şıxəliyev məlumat verib.

Həkim-otolarinqoloq bildirib ki, neyrosensor ağıreşitməyə yaşlılar arasında daha çox rast gəlinir: "Gənclər arasında həmin xəstəliyin yaranmasına səbəb isə burun əti, müəyyən antibiotiklərdən və qulaqlıqlardan mütəmadi istifadə, həmçinin qohum nikahlarıdır. Neyrosensor ağıreşitmənin müxtəlif dərəcələri var. Xəstəliyin dərman müalicəsi isə, təəssüf ki, yoxdur".

M.Şıxəliyev, həmçinin eşitmə cihazları barədə də danışıb: "Əgər xəstəliyin dərəcəsi yüngül qiymətləndirilərsə, yəni 2-ci və ya 3-cü dərəcəlidirsə, problemi qismən və ya tamamilə aradan qaldırmaq üçün ən yaxşı üsul eşitmə cihazlarından istifadədir. Təxminən 10-15 il əvvəl Azərbaycanda eşitmə cihazlarından istifadə edən xəstələrə çox az rast gəlinirdi. Hazırda isə bunun əksini müşahidə edirik".

Həkim-cərrahın dediyinə görə, yaşı 70-i ötənlərin təxminən 50 faizi müxtəlif dərəcəli eşitmə azlığından əziyyət çəkir.

"Xəstəliyin dərəcəsi ağır olduqda koxlear implantasiya əməliyyatı icra edilir. Həmin əməliyyat nəticəsində xəstənin eşitməsini bərpa etmək mümkündür. Onu da qeyd edim ki, eşitmənin keyfiyyəti test üsulu ilə xüsusi kabinələrdə yoxlanılır. Yoxlama zamanı səs aparatlarından istifadə edilir və sağ və sol qulağa müxtəlif səslər verilir. Nəticədə, xəstəliyin dərəcəsi müəyyən edilir",- deyə M.Şıxəliyev bildirib.


Etiketlər:  Xəstəliyin dərəcəsi ağır olduqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ