Tarix: 20 Avqust 2019 15:56
Çinin “Xiaomi” şirkəti “Redmi” brendli ilk televizorun təqdimat tarixini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “DGL ” resursuna istinadən yazır ki, avqustun 29-da keçiriləcək tədbir çərçivəsində 70 düym diaqonallı böyük televizor modelinin nümayişi gözlənilir. İnternet mənbələrinin məlumatına görə, yeni “Redmi” televizoru 4K təsvir ölçülü ekran, “DTS” və “Dolby Audio” audiosistemləri və səsli idarəetmə sistemi ilə təchiz ediləcək.
Bildirilir ki, televizorun qiyməti 700 dollar təşkil edəcək.
Hazırda “Xiaomi” şirkəti yalnız öz brendi ilə televizorlar təklif edir.
Qeyd edək ki, bu yaxınlarda “Huawei” şirkətinə məxsus “Honor” brendi televizorlar bazarına daxil olub. Bundan başqa, payızda ilk “OnePlus” televizorunun buraxılışı nəzərdə tutulur.
Nizam Nuriyev