Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 14:18
2 il əvvəl hakimiyyətə gələn Nikol Paşinyan rejiminin sələfləri kimi Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymadan, düşünülmüş şəkildə, bilərəkdən yeni müharibənin başlanmasına doğru addımlar atması düşmənə baha başa gəldi. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə Azərbaycan xalqının işğalla barışmayacağı, nəyin bahasına olursa-olsun torpaqlarımızın geri qaytarılacağını bəyan etməsi düşmənə ciddi mesaj olmalı idi.
Dövlət başçısının ötən dövr ərzində qətiyyətli, prinsipial və düşünülmüş siyasət yürüdərək ölkənin gücləndirilməsi, beynəlxalq nüfuzunun yüksəldilməsi, müasir, güclü ordu yaradılması, xalqın səfərbər edilməsi istiqamətində gördüyü işlər tarixi Qələbəyə zəmin yaratmaqla yanaşı, əsas qaranta çevrildi. Məhz bunu nəzərə alan ölkə başçısı ipə-sapa yatmayan düşmənin nəinki Qarabağ münaqişəsini danışıqlar masası arxasında həll etmək barədə düşündüyünü, heç işğalçılıq xislətindən əl çəkmək fikrinin belə olmadığını görüncə növbəti təxribat Azərbaycan Ordusunun həmləsi ilə nəticələndi ki, bunun da nəticəsi göz önündədir. Azərbaycan xalqı bu qələbə ilə təkcə torpaqları işğaldan azad etmədi, eyni zamanda məğlub xalq sindromundan qurtularaq, milli ləyaqətimizin bərpa olunmasında qəhrəmanlıq nümayiş etdirdi, Müzəffər Xalq, Qalib Dövlət imicini dünyanın gözü önünə sərdi.
Məhz bu gün 44 günlük müharibənin başlamasından düz 1 il ötür. Azərbaycan Ordusunun gücü hesabına tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edən ilk dövlət kimi tarix yazdı. Xalq, Ordu və Ali Baş Komandanın birliyi müharibədən alnı açıq çıxmağımız üçün əsas açar idi. Uzun illər idi bu anı gözləyən Azərbacan xalqı yaxşı bilirdi ki, II Qarabağ müharibəsi ilə ya tarixə köçəcəyik, ya da tarix yazacağıq. Bunun üçün uşağından ahılısına hər kəs bu günlər ərzində bir yumruq olmağı bacardı. Bu gün bir reallıq var: müharibə tarixdə qaldı, atıq ərazi bütövlüyü problemi yoxdur, "Dağlıq Qarabağ" adlı inzibati ərazi mövcud deyil. Heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil və Azərbaycan regionda yeni geosiyasi reallıq yaradıb ki, artıq bunu hətta Ermənistanın havadarları da qəbul etmək məcburiyyətində qalıblar. Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı da yenidən Ermənistanın revanşist hərbi-siyasi dairələrinə və onlara havadarlıq edən qüvvələrə çox önəmli xəbərdarlıqlar etdi: "Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi mövcud deyil və əgər kimsə "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ" adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox!".
Dövlət başçısının bu çıxışı bir daha göstərdi ki, müharibənin ildönümü olsa da hələ də müharibə riski mövcuddur. Lakin Ali Baş Komandan bir daha təhdidlərə qarşı atılacaq addımlarla bağlı xəbərdarlığını hər hansı bir tribunadan yox, şəhidlərin xatirəsi önündə elan edi. Ermənistan rəhbərliyi bundan bir nəticə çıxarmalıdır. Prezidentin "Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!" sözlərinin ardınca bir də "Qarabağ məsələsi öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır" deməsi əslində rəsmi Bakının Qarabağla bağlı mövqeyini daha da sərtləşdirdiyinin elanı idi. Və bununla İlham Əliyev Qarabağla bağlı geriyədönüşün olmadığı, heç bir güzəştin olmayacağı mesajını bu məsələdə maraqlı olan hər kəsə bəyan etdi.
Müharibənin ildönümündə belə bir xəbərdarlıqlar ən azı Ermənistan qədər, üçüncü tərəflərə də aid idi, hansı ki, rəsmi İrəvana müxtəlif vasitələrlə dəstək olduqlarını hər vasitə ilə bildirməyə çalışırdılar. Prezidentin müraciəti zamanı bir daha aydın olur ki, bölgədə və Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf rəsmi Bakıdır. Bu o deməkdir ki, "Bakının icazəsi olmadan bölgədə heç bir məsələ barədə heç kimin qərar vermək səlahiyyəti yoxdur, hər məsələdə bizimlə hesablaşmalısınız". Ermənistan yaxşısı, kapitulyasiya aktının (10 noyabr üçtərəfli bəyanatı) şərtlərini icra etmək üçün vaxt itirməsin. Səbəb çox sadə: Bir gecədə bütün cəbhə xəttini yaran, Şuşa əməliyyatı kimi dünyanı heyrətə salan əməliyyat planını icra edən Azərbaycan əsgərinin Xankəndiyə, Xocalıya, Xocavəndə gedə bilməsinə heç nə və heç kim mane ola bilməz.
Təhməz Əsədov