Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 11:45
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Sonxeber.net bildirir ki, iclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti nümayəndələri iştirak ediblər.
Azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinin icra olunması işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri üzrə İşçi Qrupunda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyəti üzrə hesabatlar dinlənilib, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı (2020-ci il 10 noyabr tarixindən bugünədək 5 430 ha ərazi təmizlənmiş, 24 925 ədəd mina və PHS aşkar edilmiş, carı il ərzində isə 4 854 ha ərazi təmizlənmiş, 14 884 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir) barədə məlumat təqdim edilib.
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən cari ilin sentyabr ayının 01-23 tarixlərində MN mühəndis bölmələri tərəfindən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonları üzrə 1119 ha ərazi təmizlənmiş, 91 ədəd PHS aşkar edilmişdir. Cəbrayıl, Zəngilan və Füzuli rayonları üzrə çox illik əkin sahələrinin təmizlənməsi başa çatmış, Qubadlı rayonunda isə 71 ha ərazinin təmizlənməsi bitmək üzrədir. Bu sahələrdən 1628.626 ha ərazi təmizlənmiş, 427 ha ərazi isə təmizlənməli ərazidir. Ümumilikdə 12.014 ha ərazi mina və partlayıcı sursatlardan təmizlənmişdir.
MN verilmiş yeni layihə olan Ağdam rayonu Xaçınarx 1 və Xaçınarx 2 kanalı, eləcə də subartezian quyularının təmizlənməsi əməliyyatlarına 27 sentyabr tarixindən başlanılması nəzərdə tutulub.
Fövqəladə Hallar Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə 13 sentyabr taxində məlumatların təqdim olunduğu qeyd edilib. Şəxsi heyətin fərqli ölkələrdə təlim keçməsi səbəbindən ANAMA tərəfindən onların uyğunlaşdırma təliminə cəlb edilməsi, eləcə də, FHN-nin 38 əməkdaşının Agentlik tərəfindən təlimlərdən sonra akkreditasiyadan keçirilməsi bildirilib.
Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən ümumilikdə 286 ha ərazi təmizlənmiş, 2 976 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir.
Müdafiə Nazirliyi tərəfindən təmizlənmiş ərazilərin məlumatları və koordinatlarının ANAMA-nın İnformasiya şöbəsinə dolğun və uyğun şəkildə ötürülməsinə dair müzakirələr aparılıb.
Süni intellektdən istifadə edərək mina sahələrinin müəyyən edilməsi mövzusunda fikir mübadiləsi aparılıb, qeyd edilib ki, xarici şirkət tərəfindən təqdim olunmuş dronlar artıq test edilib və sahədəki yersəthi və yeraltındakı həm plastik, həm də metal minaların aşkar olunmasında, minalı və şübhəli sahələrin müəyyən olunmasında öz təsdiqini tapıb. Gün ərzində hava şəraitindən asılı olaraq 150-200 ha ərazinin çəkilişini edir, çəkilmiş ərazinin emalı isə 4-5 gündən sonra xəritə üzərində təyin edilir.
Əhalinin təmizlənmiş ərazilərə köçəcəyi dövrdə mina və partlayıcı sursatların təhlükəsinə dair yarana biləcək risklərin azaldılması məqsədilə görüləcək işlərə dair təkliflərin hazırlanması vurğulanıb. Belə ki, ilk olaraq Zəngilana, infrastruktur layihələri başa çatdıqca isə digər rayonlara da vətəndaşların köç edilməsi başlayacaq. Bu isə öz növbəsində risklərin daha çox artmasına səbəb ola bilər. Baxmayaraq ki, maarifləndirmə fəaliyyəti həyata keçirilir, lakin köç prosesindən sonra tək bu fəaliyyətlə risklərin öhdəsindən gəlmək mümkün olmayacaq, artıq qarşıda fərqli risklər və fərqli öhdəliklər durur. Qeyd olunmuş mövzunun daha geniş şəkildə müzakirəsi, müxtəlif şirkətlərdə çalışan insanların təhlükəsizliyinin təmin edilməsi, onları bu risklərdən qorumaq üçün görülə biləcək tədbirlər ərtafında fikir mübadiləsinin aparılması, eləcə də bu sahədə qurumların birgə kommunikasiya konsepsiyasının hazırlanması məqsədilə aidiyyəti qurumların nümayəndələrinin Zəngilana mümkün səfəri müzakirə edilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.