Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 03:06
Allergik reaksiyanın yaranmasının qarşını almaq üçün ən yaxşı üsul - allergenlə təmasdan uzaq olmaq və ya heç olmasa bu təmasları minimuma endirməkdən ibarətdir.
Əlbəttə ki, bəzi hallarda bunu etmək çox çətin və əziyyətli olur. Ona görə də bir çox hallarda allergiyanın əlamətlərini nəzarətdə saxlamaq olmur.
1. Bitki çiçəklərinin tozcuqlarına qarşı olan allergiya (pollinoz) - allergiyanın ən çox yayılmış növlərindən biridir. Hazırda kütləvi informasiya vasitələrində (KİV) və internetdə müxtəlif bitkilərin çiçəklənmə vaxtları barədə məlumat və proqnozlarlı tapmaq və sizi gözləyən təhlükəli günləri qabaqcadan bilmək olar. Bitkilər içərisində ən güclü allergen yabanı bitki olan ambroziya (ətirçiçəyi-ətirşah) bitkisi çiçəklərinin tozcuqlarıdır.
Sizdə allergiyaya səbəb olan bitkilərin çiçəklənmə mövsümündə kənd yerinə, meşəyə və s. gəzintiyə getmək məsləhət görülmür. Mümkün olan qədər evinizdən bayıra çıxmayın, qapı-pəncərəni açmayın, otağınızı hər gün yaş əski ilə silin. Əgər evinizdən çıxmağa məcbur olursunuzsa, bu halda mütləq günəş şüalarından qoruyan eynəklərdən istifadə edin. Burun boşluğunuza daxil olmuş allergenləri "yumaq" üçün müntəzəm olaraq (xüsusən də çöldən evə qayıtdıqdan sonra) burnunuza su almaqla yuyun. Bu məqsədlə dəniz suyu əsasında hazırlanmış damcılardan istifadə etmək daha yaxşı olar.
Pollinozun kəskinləşdiyi yaz və yay aylarında, allergiyası olan insanlara, həkimlər hipoallergik pəhrizə əməl etmələrini tövsiyə edirlər (bu barədə aşağıda oxuya bilərsiniz).
Bu dövrdə tərkibində bitki komponentləri olan dərman və kosmetik vasitələrdən də istifadə etməyin!
Özlərində allergiyanın olmasına şübhə yarandığı halda, xəstələrin bir çoxu özləri bildiyi kimi müalicəyə başlayırlar. Məsələn, əhali arasında allergiya əleyhinə olan ən tanınmış dərmanlardan hər hansı birini qəbul edirlər ki, bu da müəyyən bir müddət ərzində onların vəziyyətini yüngülləşdirsə də, heç bir halda xəstəliyin sonrakı inkişafının və ağırlaşmasının qarşısını ala bilmir. Yalnız həkim-allerqoloq xəstəliyə dəqiq diaqnoz qoyaraq, ona düzgün və dəyərli müalicə təyin edə bilər.
2. Qida allergiyası olan insanlar öz qida rarsionlarından, onlarda allergiya törədən məhsulları tam xaric etməlidirlər. Belə insanlara bəzən həkimlər hipoallergen pəhrizə əməl etməyi tövsiyə edirlər. Ümumillikdə isə istənilən maddəyə allergiyası olan insan allergiya kəskinləşməsi zamanı hipoallergen pəhrizin saxlaması vacib hesab olunur. Hipoallergen pəhriz nə deməkdir? Yüksən allergik xüsusiyyətlərinə malik olan qidalar pəhrizdən çıxarılmalıdır. Bu qidaların arasında:
- balıqların əksəriyyəti, dəniz məhsulları, balıq kürüsü,
- süd, pendirlər,
- yumurta,
- hisə verilmiş qidalar (kolbasa, sosiska, balıq, ət),
- konservləşdirilmiş və marinada qoyulmuş qidalar (xüsusən dükanlarda satılan),
- sirkə, mayonez, ədviyyatlar,
- qırmızı rəngdə olan bütün tərəvəzlər - pomidorlar, kök, qırmızı bibər, çuğundur. Badımcan, duza qoyulmuş kələm, türşəng, kərəviz.
- bütün sitrus meyvələri (portağal, limon və s.),
- qırmızı və narıncı rəngində olan meyvə və giləmeyvələr: ananas, yemiş, qırmızı alma, çiyələk, albalı, üzüm, xurma, nar, qavalı və s.
- qoz-fındıq, bal, əncir, ərik qurusu,
- bütün göbələklər,
- şokolad, qəhvə, kakao,
- bütün spirtli içkilər, qazlı sular,
- aromatizatorlar, emulqatorlar, rəngvericilər və s. olan bütün qidalar
- sizin ölkəniz üçün ekzotik olan bütün qida məhsulları.
Tövsiyə edilən qidalar:
- bişmiş yağsız mal və toyuq əti, qara ciyər,
- süd məhsulları (saxlanma müddəti az olan təbii yoqurtlar, kefir, kəsmik),
- göyərti və tərəvəzlər: kələm (ağ kələm, gül kələm, brussel kələmi), kahı, ispanaq, şüyüd, cəfəri, yunan qabağı, patisson, şalğam,
- zeytun, günəbaxan, kərə yağları,
- sıyıqlar (qarabaşaq, düyü, manna, yulaf yarması),
- yaşıl alma, ağ qarağat, ağ gilas, motmotu, armud,
- alma və armud quruları, kompotları, tünd olmayan çay.
Restorana gedərkən qəbul etmək istədiyiniz qidaların tərkibində sizin üçün qadağan olunan məhsulların olub-olmaması ilə maraqlanın. Buna hər hansı şübhəniz yarandığı halda həmin qidanın qəbulundan imtina edin.
Onu da bilmək lazımdır ki, güclü allergik reaksiyanı yalnız qida allergeninin, qəbul edilən qidanın tərkibində olması deyil, həm də onun iyinin nəfəs yollarına daxil olması və ya dəri ilə təmasda olması da törədə bilər. Məsələn, evinizdə olanlardan kimdəsə balıq, tərəvəs və s. məhsullara qarşı allergiya varsa, həmin qidaları onların yanında hazırlamaq olmaz.
Əfsuslar olsun ki, bir çox hallarda biz qəbul etdiyimiz bu və ya digər qidanın tərkibində məhz hansı inqredientlərin olmasını bilmirik. Bir çox insanlarda soya bitkisinə allergiya vardır. Soya isə bir çox çörək-bulka və qənnadı məhsullarının tərkibinə daxildir. Yerfındığı (araxis) və onun yağı da mağazaların rəflərinə yığılan bir çox hazır məhsulların tərkibinə daxildir. Bəzi hallarda allergik reaksiyanı qida məhsulunun özü yox, onun tərkibində olan müxtəlif qida əlavələri (rəngvericilər, aromatizatorlar, emulqatorlar və ya konservləşdirici maddələr) törədir.
3. İstənilən dərman preparatı, hətta antihistamin dərmanların özü də allergik reaksiyaya səbəb ola bilər. Vaksinlər, zərdablar, antibiotiklər, hormonlar, fermentlər, B qrup vitaminlər, anestetiklər (anesteziya zamanı istifadə olunan preparatlar), rentgen-kontrast preparatlar (rentgen zamanı istifadə olunan maddələr) və s. bu kimi preparatlar daha tez-tez hallarda allergiyaya səbəb olurlar. Antibiotiklərdən istifadə edilməsinin artığı bir şəraitdə onlar (onların da arasında ilk növbədə penisillin dərmanı) daha çox allergik fəsadlar verən dərmanlar qrupuna aid edilmişdir. Antibiotiklərlə kurs müalicəsi təkrar olunduqca belə fəsadların tezliyi daha da artır. Penisillin digər dərmanlara nisbətən daha çox hallarda ölümlə nəticələnən allergik reaksiyalara səbəb olur, həm də onun allergik reaksiyaya səbəb olan miqdarı çox az da ola bilər. Bu deyilənləri nəzərə alsaq, yadda saxlamaq lazımdır ki, həkim təyinatı olmadan, istənilən dərman maddələrinin istifadə edilməsi çox təhlükəlidir.
Əgər həyatınızda hər hansı bir dərmana qarşı heç olmasa 1 dəfə allergik reaksiya baş vermiş olarsa, mütləq həmin dərmanın adını yazıb özünüzdə saxlayın və müraciət etdiyiniz həkimlər sizə müalicə yazarkən bu barədə mütləq onlara xəbər verin. Mümkün olduqca parenteral (iynə şəklində), xüsusən də damar daxilinə dərman preparatlarının yeridilməsindən, həmçinin çoxkomponentli mürəkkəb dərmanların daxilə qəbul edilməsindən uzaq olun.
4. Allergiyası olan əksəriyyətində məişət tozuna və kif göbələklərinə qarşı allergiya vardır. Ən çox yayılmış allergenlərdən biri - məişət tozudur. Evin yerləşməsindən, iqlimdən, ilin fəslindən asılı olaraq yaşayış evlərində olan məişət tozlarının miqdarı geniş şəkildə dəyişə bilər.
Məişət tozu - allergenlər toplusundan ibarətdir. Onlardan ən əsası isə məişət tozu gənəsidir. Bu gənələr - adi halda insan gözü ilə görünməyən (bədən diametrləri 0,3 mm) çox xırda ölçüdə olan buğumayaqlılardır (hörümçək kimi). Onlar məişət tozunun xeyli hissəni təşkil edən - insan dərisindən qopmuş olan pulcuqlarla qidalanırlar.
Gənələr əsasən çarpayılarda və yataq dəstlərində (balış, yorğan-döşək və s.) yaşayırlar. İnsan yuxuda olarkən, dərisinin məhz bu əşyalara sürtünməsi nəticəsində öz dərisindən daha çox buynuz qişa pulcuqları xaric etmiş olur. Orta hesabla, yataq döşəyində olan 1 qram tozun tərkibində 2000-15000 sayda məişət gənəsi yaşaya bilər. Yatan insanın bədəni yatağı 20-300 C- dək qızdırır və əlavə olaraq nəmlik də yaradır. Bu isə məişət gənələrinin inkişafı üçün ideal şəraitdir.
Məişət tozuna (həqiqətdə isə gənələrlə) qarşı olan allergiya əksər hallarda öskürək, rinit (zökəm), az-az hallarda isə konyunktivit şəklində təzahür edir. Öskürək tutması xəstə oyandıqda başlayır. Xəstəliyin əlamətləri bütün il boyu qeyd edilir, havanın nəmliyinin daha yüksək olduğu payız və qış aylarında isə xəstələr özlərini daha pis hiss edirlər.
Məişət tozu ilə (yəni gənələrlə) mübarizə aparmaq üçün ən yaxşı üsul öz ətrafınızdan bu allergeni kənarlaşdırmaqdan ibarətdir. Bunu effektiv şəkildə həyata keçirmək üçün isə aşağıdakı şərtlərə əməl etmək tövsiyə olunur:
- Evinizdəki - içərisində yun, pambıq, quş tükü olan yataq əşyaları (yorğan, döşək, yastıq) sintetik ev əşyaları ilə (porolon, poliester, sintefon və s.) əvəz edin;
- Döşək, yorğan, yastıq üzlərini də sintetik materiallarla əvəz edin;
- Qalın şallardan və heyvan dərisindən hazırlanmış əşyalardan istifadə etməyin;
- Otağın döşəməsindən xalça və palazları yığışdırın. Kovrolit linoleumla əvəz edin;
- Ağır pərdələrdən imtina edin. Bu məqsədlə nazik sintetik materiallardan istifadə edin. Pərdələrin elə biçimini seçmək lazımdır ki, onlar qalın büküşlər əmələ gətirməsin (bu büküşlərdə xeyli toz yığılır!);
- Otaqlarınızda toz yığa bilən əşyalarıın sayını (kitab rəfləri, yumşaq oyuncaqlar, divan və kresloların üstünə sərilən qalın örtüklər və s.) mümkün olduqca azaldın;
- Məişətdə qəbul olunduğu kimi - yataq yerlərini sadəcə olaraq yığışdırmaq yox, onları həmçinin, yaxşı-yaxşı havaya vermək də zərurdir. İlin istənilən vaxtında səhərlər - gecə yuxusundan qalxdıqdan sonra yatağınızı yığışdırmazdan əvvəl, otağınızın qapı-pəncərəsini 30-40 dəqiqə müddətinə açaraq otağın havasını dəyişin, yataq ağlarını isə mütləq çırpın. Həftədə 1 dəfə olmaqla yastıqlarınızı, yorğan və döşəklərinizi açıq havada (məsələn, eyvanda) havaya verin. Yataq otağında olan pərdələri, yorğan və döşəklərin üzlərini müntəzəm olaraq yuyun və yataq ağlarını mümkün olduqca daha tez-tez dəyişin.
- Evinizdə təmizlik işləri görərkən tozsorandan tez-tez istifadə edin, döşəkləri müntəzəm olaraq tozsoranla yaxşı-yaxşı təmizləyin və çalışın ki, bu zaman allergiyası olanlar yanınızda olmasınlar. Hazırda satışda, xüsusi taxmaları olan kifayət qədər güclü tozsoranlar vardır ki, onların köməyi ilə yorğan-döşəyi yaxşı-yaxşı təmizləmək olar. Ancaq hətta bu tozsoranlar da məişət tozu gənələrinin hamısını xaric etməyə imkan vermir. Satışda həmçinin, gənələri məhv edə biləcək xüsusi spreylər də satılır. İl ərzində 4-5 dəfə olmaqla mənzilinizdəki yorğan-döşəyi, yumşaq mebeli bu spreylərlə işləmək-təmizləmək lazımdır. Belə işləmədən sonra xalça və ya döşəklərin səthlərini tozsoranla yaxşı-yaxşı təmizləmək lazımdır. Çünki ölü gənələr də diri gənələr kimi eyni allergik reaksiyanı törədə bilərlər.
Gənələr üçün əsas qidalardan biri - yataqda olduğumuz zaman qabıqlanaraq qopan dərimizin xırda hissəcikləridir. Xüsusi yataq örtükləri bu hissəciklərin döşək və balışların daxilinə düşməsinə mane olur ki, bunun da nəticəsində onlarda yaşayan gənələrin miqdarını azalmış olur.
- Ümumiyyətlə, yataq otağlarından başqa, digər otaqlarda da müntəzəm olaraq tozsoranla və nəm əski ilə təmizlik işləri aparmaq lazımdır. Otaqların döşəməsinə, kreslolara, divanlara, pərdələrə xüsusi diqqət verməyiniz tələb olunur.
- Mənzillərinizdə ev bitkiləri saxlamayın.
Bütün bu məsləhətlər həm məişət tozuna qarşı allergiyası olanlara, həm də digər allergiya novləri (qida, kimyəvi maddələr və s.) olan şəxslərə aiddir. Hipoallergen məişət şəraiti - allergiyası olanların sağlamlığının qorunması üçün böyük əhəmiyyətə malikdir. Ona görə də ailədə allergiyası olan ailə üzvü vardırsa, onun üçün hipoallergen şərait yaratmaq məqsədi ilə hər bir vasitədən istifadə etmək lazımdır.
5. Kİf - ən çox yayılmış allergenlərdən olub, mikroskopik göbələklərin müxtəlif növlərindən biridir. Bu göbələklər inkişaf etdikcə sporlar əmələ gətirir. Kif göbələklərinin rəngi müxtəlif olur: yaşıl, qara və hətta qırmızı. Kif göbələklərinin sporları güclü allergen olaraq insanlarda rinit və ya astmanın əmələ gəlməsinə səbəb ola bilərlər. Kif göbələkləri həm mənzilinizdən kənarda (havada və ya bitkilərin üzərində), həm də mənzilinizin daxilində aşkar oluna bilər.
Bitki tozcuqları barədə danışdığımız kimi, vahid həcmdə olan kif göbələkləri sporlarının miqdarı da hava şəraitindən və ilin fəsillərindən (maksimal konsentrasiyası yayın sonlarında və payızın əvvəllərində) asılıdır. Bəs, kif göbələkləri ilə təmasdan necə qaçmaq olar? Bunun üçün əsasən aşığıdakı şərtlərə əməl etmək lazımdır:
- Kif göbələklərinin inkişaf edə biləcəkləri məkanların (xüsusən də vanna otağı, mətbəx, zirzəmi, çardaq) havasını tez-tez dəyişmək lazımdır;
- Mənzilinizdəki rütubətlə mübarizə aparın. Vanna otaqlarında əmələ gələn kif (künclərdə, vannanın qıraqlarında, kafellərin aralarında) xüsusi vasitələrlə işlənməlidir;
- Otağınızdakı ventilyasiya və kondisioner cihazlarını mümkün qədər tez-tez təmizləyin və dezinfeksiya edin;
- Mənzillərin divarlarına vurulan divar kağızları ("oboylar") kif göbələklərinin inkişafına kömək edir (onlar divar tərəfdən inkişaf edir). Bu səbəbdən də ailədə allergiyası olan ailə üzvü olduqda divar kağızlarından imtina edərək divar boyanı seçin;
- Yağışdan sonra və dumanlı havada meşəyə gəzintiyə getməyin. Ağac yarpaqları yığılmış torbalara (hətta onlar bir neçə gün əvvəl yığılmış olsalar da) toxunmayın.
6. Başlanan allergik tutmanın qarşısını dərhal almaq üçün bir sıra antihistamin preparatları mövcuddur. Özünüzdə allergiyaya meylliliyin olmasını bildiyiniz halda, hər zaman yanınızda antihistamin dərmanlar saxlayın. Bu dərmanların seçilməsində və tətbiq edilməsində isə mütləq həkim-allerqoloqla məsləhətləşmək lazımdır.