Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 17:42
Yeni televiziya mövsümü hələ tam başlamasa da, hansı kanalda hansı aparıcının olacağı artıq məlumdur. Maraqlı məqam isə tanınmış aktrisaların bu il tamaşaçı qarşısına aparıcı kimi çıxması olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, oynadığı obrazlarla tamaşaçı sevgisi qazanan aktyor və aktrisaların əksəriyyəti bu mövsüm televiziyada özünü sınayacaq. Buna səbəb isə onların 1 il 6 ay teatrsız qalması olub.
İlk növbədə Əməkdar artist Sənubər İsgəndərli aparıcılığa başladığını açıqlayıb. Aktrisa "Xəzər TV" ilə əməkdaşlığa başlayıb. O, "Sənətdən kənar" verilişinə aparıcılıq edir. Proqramda məşhur simalar fərqli bir peşədə özlərini sınayırlar.
"Space" telekanalı bu mövsümdə Əməkdar artist Kəmalə Müzəffərlə işbirliyinə başlayıb. Aktrisa sözügedən kanalda "Bir şansım olsa" adlı proqram aparacaq. Bu onun ilk aparıcılığı deyil. Aktrisa bundan əvvəl də özünü aparıcı kimi sınayıb.
Əməkdar artist Elnur Kərimov AzTV-də aparıcılığını davam etdirir. Əvvəl "Mədəniyyət TV"də çalışan aktyor bu dəfə "Gün başladı" proqramı ilə səhərlər efirə çıxır.
Aktrisa Zümrüd Qasımova artıq bir ildən çoxdur ki, "Xəzər TV"də aparıcılıq edir. O, "Dönə bilsəm" adlı proqramla tamaşaçı qarşısına çıxır. Bu, onun ilk aparıcılıq təcrübəsi deyil. Z.Qasımova bundan əvvəl ARB TV-də də aparıcı kimi tamaşaçı qarşısına keçib.
Əməkdar artist Coşqun Rəhimov və Rafael İsgəndərov da yeni mövsümdə aparıcı kimi görünəcək. Onlar ATV-də çalışacaqlar.