Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2021 13:36
"Nikol Paşinyanın Moskva səfərində Vladimir Putinlə aralarında müzakirə ediləcək əsas məsələlər Azərbaycan-Ermənistan münasibətlərindən savayı, eyni zamanda Rusiya-Ermənistan münasibətləri, xüsusilə də qaz qiymətlərinin mümkün artımı ola bilər".
Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Rusiya üçtərəfli bəyanatla bağlı heç bir məsələni Ermənistanla qabaqcadan danışıb, razılaşıb, Azərbaycanı fakt qarşısında qoymayacaq:
"Dünya bazarlarında qazın qiyməti artır. O da yaxşı-pis, hətta daxili bazara da təsir göstərir. Ermənistan qorxur ki, Rusiya qazın qiymətini artıracaq. Qiymətdə cüzi də olsa artım müşahidə olunsa, - Ermənistanın onsuz da iqtisadi vəziyyəti heç də ürəkaçan deyil, - çox pis vəziyyətə düşə bilər. Ermənistan bundan çox narahatdır. Yeri gəlmişkən, Paşinyan Avrasiya İttifaqının sammitində təklif etmişdi ki, Avrasiya İttifaqının qaz bazarı ilə bağlı müəyyən addımlar atılsın, ümumi qaz bazarı yaransın. Əlbəttə, bu təşəbbüsün arxasında öz maraqlarını təmin etməkdən başqa bir şey yoxdur. Yəni Avrasiya İttifaqının qaz bazarı inanmıram ki, Paşinyana maraqlı olsun. O, öz maraqlarını güdərək bu təklifi irəli sürüb. Qaz bazarı ümumi prinsiplər üzərində qurulmalıdır, ümumi qiymətlərlə tənzimlənməlidir və s. Bunu yəqin ki, Paşinyan Moskva səfərində müzakirə edəcək.
Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə isə, üçtərəfli komissiyanın işi ilə bağlı fikir mübadiləsi olacaq, delimitsaiya məsələləri ilə bağlı Paşinyan qabaqdangələnlik edib müəyyən narazılıq da edəcək. Amma Rusiyanın bu məsələlərdə mövqeyi bəllidir. Rusiya çalışır ki, bütün məsələlər daha çox üçtərəfli formatda həll olunsun. Moskva başa düşür ki, başqa cür yanaşma heç də Rusiyanın xeyrinə ola bilməz, çünki Azərbaycan bunu qəbul etməyəcək və beləliklə üçtərəfli proseslər pozula bilər. Ona görə Rusiya burada daha çox şəffaf rol oynamaq istəyir. Bu səbəbdən Rusiya Ermənistanla qabaqcadan danışıb, razılaşıb, sonra Azərbaycanı fakt qarşısında qoymayacaq. Rusiya üçün indi əsas məsələ üçtərəfli komissiya formatının məhsuldarlığıdır. Çünki burada Rusiyadan savayı regiondan kənar digər oyunçu yoxdur. Ona görə Rusiya istəyir ki, bu proses maksimum səmərəli olsun, nəticələr versin. Nəticə də ondan ibarətdir ki, delimitasiya prosesi uğurla getsə, o zaman kommunikasiyaların deblokadası ilə bağlı işlər də gedə bilər. Çünki tərəflər eyni zamanda sərhədləri müəyyən etməklə nəzarət keçid məntəqələrinin işi ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bunun üçün də Rusiya bu prosesin davam etməsində maraqlıdır.
Bu yaxınlarda Rusiyanın Baş nazirinin müavini Averçuk böyük nümayəndə heyəti ilə Ermənistana gəlmişdi. Rusiya maraqlıdır ki, Ermənistanın öz iqtisadi maraqları dirçəlsin. Əgər İrəvan onu istəyirsə, o zaman kommunikasiyalar açılmalıdır, Rusiya ilə nəqliyyat əlaqələri işləməlidir ki, Rusiya öz maraqlarını Ermənistanda dirçəldə bilsin.
Burada ermənilərin maraqları ilə Rusiyanın maraqları bir çox məsələlərdə üst-üstə düşmür. Düşünürəm ki, Putin Paşinyana izah edəcək ki, prosesləri çox ləngitməyə ehtiyac yoxdur. Çünki burada tək Ermənistanın, Rusiyanın marağı, Rusiya-Türkiyə münasibətlərinin inkişafı da bu yolların açılmasından keçir. Türkiyə ilə Rusiya arasında ticarət mübadiləsi son vaxtlar çox artıb. Hətta pandemiyadan qabaqkı dövrü də üstələyir. Bunun daha səmərəli inkişafı üçün həmin rabitələr lazımdır.
Ermənistan Kreml qarşısında əlbəttə ki, əsirlərlə, "statusla" bağlı məsələni də qaldıracaq. Amma xüsusilə də "statusla" bağlı məsələni düşünmürəm ki, Rusiya Ermənistanla nəsə müzakirə etsin. Çünki bu, çox həssas bir məsələdir. Moskva başa düşür ki, "statusla" bağlı hər hansı bir müzakirələr başlasa, o zaman digər sadaladığım məsələlərə də mənfi təsir göstərə bilər. Ona görə də Rusiya maraqlı deyil ki, bu "status" məsələsini indki gündəmdə müzakirə etsin".
Təhməz Əsədov