Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2021 21:38
Toy mövsümü bərpa olundu. Elə onunla birgə israfçılıq da. Belə görünür ki, azərbaycanlılar istər kasıb olsun, istər zəngin, dəbdəbəli toylardan imtina etməyəcək. Pandemiya da bu məsələdə bizə yardımçı ola bilmədi. Halbuki israfçılıq toy (yer) qiymətini avtomatik kəllə-çarxa qaldırır ki, bu da ən çox toy sahibi və toya dəvət edilənlərin ziyanınadır.
Bəs azərbaycanlılar nədən sadə toy məclisi təşkil edə bilmirlər? Bu tilsimi necə qırmaq olar? Qırmaq mümkün olacaqmı? Dinimiz isə deyir ki, Allah israfı və ifrata varanları sevməz.
Sonxeber.net xəbər verir ki, millət vəkili Fazil Mustafa mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Azərbaycanın böyük əksəriyyəti toya şöhrətpərəstlik və pul yığmaq adəti kimi baxırlar. Ona xoşbəxtlik mənbəyi, xoşbəxtliyin başlanğıcı anlayışı kimi yanaşırmırlar. İnsanlar sabahkı günü düşünüb addım atmağa çox da maraqlı deyillər, çünki gələcəyin proqramlaşdırılması haqda təsəvvürləri yoxdur.
Diqqət edirsinizsə, daha çox keçmiş üzərində başımızı çox yorur, oradan qəhrəman axtarırıq. Hamısı gələcək barəsinə düşüncələrin olmaması ilə bağlıdır. Toy məsələsinə baxışımız da bu cürdür. Yəni gələcək ailə necə yaşayacaq, nəyin üzərində qurulacaq, gələcək perspektivi necə olacaq deyə düşünmürlər. Maraqlı burasındadır ki, şöhrətpərəstliyə təkcə varlı insanlar aludə deyil. Diqqət edəndə görürük ki, daha çox yoxsul insanlar göstərişli tədbirlərə üstünlük verir və nəticə olaraq özlərini çox çətin vəziyyətə salırlar. Sonra isə məlum olur ki, boşanma hallarının sayı ildən-ilə 2-3 dəfə artmağa başlayıb. Ona görə də Azərbaycanda bu kimi məsələlərə düzəliş etmək çox çətin olacaq".
Fazil Mustafa: "Toylarda israfçılığı aradan qaldıra biləcəyimizi düşünmürəm, çünki..."
Fazil Mustafa qeyd edib ki, məsələyə düzəlişlər etmək üçün onun alternativlərini həyata keçirmək lazımdır: "Məsələn, şadlıq evləri modelində deyil, hansısa restoran modelində az sayda insanlarla gözəl bir toy axşamı keçirmək mümkündür. Həmçinin yemək bolluğundan imtina edərək, 1-2 növ yeməklə kifayətlənərək, bir az da daha çox səviyyəli musiqilərlə, hay-küydən, qışqırıqdan uzaq şəkildə toyu keçirmək daha məqsədəuyğun olardı. Bunun üçün də yalnız alternativlər düşünmək lazımdır. Alternativlər olanda insanlar tədricən özünün cahilliyindən, şöhrətpərəstliyindən, toyun mahiyyətinə fərqli baxışdan uzaqlaşacaqlar. Bunu düşünmədikcə insanların düşüncəsini dəyişə bilmərik. Məsələn, dini yönümdə insana nə qədər ağıllı söz deyirsən de, kafasında oturmuş bütü sındırmaq olmur.
Lakin toylarımızda israfçılığı aradan qaldıra biləcəyimizi düşünmürəm. Çünki bu sahə həm də biznes sahəsidir və acınacaqlı tərəf ondan ibarətdir, onun içərisində əksər dövlət məmurları, vəzifəli şəxslər, yüksək vəzifə daşıyan insanlar var, hansı ki, onların da biznes şəbəkəsi bununla qidalanır. Ona görə də toylarla bağlı "yuxarıdan" hər hansı bir şəkildə sadələşdirilmə, situmullaşdırıcı amillər yoxdur. Halbuki dövlət səviyyəsində müəyyən dərəcədə bu işi sadələşdirməklə israfçılığın qarşısını almaq olar.
Xatırlayısınızsa, illər öncə Azərbaycanda ən yaxşı sayılan sahə şadlıq evləri ilə bağlı idi, hansı ki, bu gün həmin sahə çöküb. Şadlıq sarayları indi öz xərclərini ödəyə bilmir. Normal iqtisadçılar da bildirir ki, şadlıq evləri uzun müddət indiki vəziyyətində işləyə bilməz. Pandemiya başlayanda artıq sübut olundu ki, bu qədər məkanda böyük kapital yatırmağın mənası yox idi".
Qafqaz - Mübarək ayla vidalaşırıq - Hacı Emil Rahiloğlu suallarımızı cavablandırdı
Emil Rahiloğlu: "İslam dininin tövsiyəsi daim sadə yaşamaqda olub, lakin..."
İlahiyyatçı Emil Rasimoğlu isə qeyd edib: "Bizdə "qonşudan geri qalma" prinsipi artıq yaşayışımızın əsas hissəsinə çevrilib. Bu təkcə toy məsələlərinə aid deyil, demək olar ki, bütün sahələrdə belədir. Bəhsə-bəhs yaşayırıq. Həm də bu israfçılıq toydan öncə başlayır. Elçiliyin səhəri günündən tutmuş, ta ki, toya qədər oğlan evi soğan qabığı kimi soyulur. İkitərəfli yüklənmə gedir. Oğlan evi də qız evinə hansı cehizləri gətirəcəyi barəsində sifarişlər verir. Çox gülməlidir. Əvvəla, İslam dinində cehizlik üçün bir dəst yorğan-döşək və yüngül zəruri əşyalar nəzərdə tutulur. Qalan nə varsa oğlan alıb evi doldurmalıdır. Digər cəhətdən, hər iki tərəfin bir-birilərinə sifarişlər etməsi etik görünmür. Xoşbəxtlik və səadətə səbəb olan amillərdən az danışılır. Səmimiyyət əvəzinə, toydan öncəki narazılıqlar başlayır. Bu da gənclərin gələcəyinə mənfi təsir edir".
İlahiyyatçı da bildirdi ki, toylarda baş verən israfçılığın aradan qalxacağına inanmır: "Çünki burada restoran sahibləri də maraqlıdır. Təbii ki, restoranlar da sadə menyu ilə stolun birinə 50 manat deyə bilməyəcəklər. Desələr də sadə menyuya heç kəs 50 manat verməyəcək və beləcə bu məsələ davam edəcək. Problem ancaq qanunla tənzimlənə və format təyin edə bilər. Bu da nə qədər hüquqla ziddiyyət təşkil edəcək, onu deyə bilmərəm. İslam dininin tövsiyəsi daim sadə yaşamaqla bağlı olub. İnsanları sadə yaşayıb dərin düşünməyə, xoşbəxt yaşamağa dəvət edib. Həmçinin bu gün də bu kimi tövsiyələr bildirilir. Sadəcə, qalıb bizim əməl etməyimiz".