Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin Ərdoğan haqda dediyi bu sözləri... - Korotçenko

Putinin Ərdoğan haqda dediyi bu sözləri... - Korotçenko

Tarix: 29 Oktyabr 2021 11:24

Sonxeber.net axar.az-ın rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko ilə müsahibəsini təqdim edir

- KİV-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada keçirilməsi gözlənilən üçtərəfli görüşü qızğın şəkildə müzakirə olunur. Siz bu təşəbbüsü necə qiymətləndirirsiniz və onun nəticələri necə olacaq?

- Görüş baş tutarsa, o zaman təbii ki, ilk növbədə müzakirə olunmalı məsələ üçtərəfli bəyanatın həyata keçirilməsidir ki, o da bu gün təəssüf ki, İrəvana görə bütün bəndləri ilə yavaşlayır. Əslində, Ermənistan bu bəyanatın bütün bəndlərini pozub. Ona görə də görüşdən, birincisi, Ermənistanın bilavasitə praktiki iştirakı ilə Zəngəzur dəhlizinin işə salınmasını, ikincisi, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası gözlənilir ki, bu da istənilən hərbi fəsadların riskini xeyli azaldacaq. Əgər tərəflər sərhəd haqqında müqavilə imzalayacaqsa, delimitasiya və demarkasiya işlərini aparacaqlarsa, bu, regionda sülhə doğru böyük addım olacaq.

Təbii ki, bəzi humanitar məsələlər də müzakirə oluna bilər. Humanitar sahəyə aid qərarlar bilavasitə görüş çərçivəsində qəbul oluna bilər.

- Zəngəzur dəhlizini qeyd etdiniz. Bu dəhlizin həm Azərbaycan, həm də Ermənistan üçün çox faydalı olması aydındır. Bəs Rusiya üçün Zəngəzur dəhlizinin açılmasının faydası nədən ibarətdir?

- Hazırda sərhədləri boyunca qeyri-sabitliklə üzləşən Rusiya üçün Cənubi Qafqaz regionunun sakit olması son dərəcə vacibdir. Risklərin və təhdidlərin miqyaslaşdırılması bu gün həndəsi silsilə ilə artır və bu həssas regionda Rusiyaya sülh lazımdır. Sülhün əsası isə işlək iqtisadiyyatdır. İqtisadiyyat işləyəndə insanların həyat keyfiyyəti yaxşılaşır.

Moskva üçün bütün nəqliyyat və kommunikasiya dəhlizlərinin işləməsi, regionda bütün istiqamətlərdə yüklərin sabit və etibarlı axını önəmlidir. Bu, nəqliyyat təchizatı üçün bütün logistikanı təkmilləşdirməyə imkan verəcək. Rusiya özü bu dəhlizlərdən istifadə edəcək. Üstəlik, bütün iştirakçı ölkələrin inkişafı üçün faydalı olan tranzit məsələsi də var. Unutmayaq ki, Ermənistan ağır iqtisadi vəziyyətdədir. İşləyən nəqliyyat dəhlizi təbii ki, hər bir ölkəyə və bütün region üzrə iqtisadiyyatın bütün sahələrinə güclü təkan verəcək.

- Rusiya ilə Türkiyənin həm 44 günlük müharibə zamanı, həm də ondan sonrakı dövrdə ortaq nöqtələr tapdığını söyləmək olarmı?

- Gəlin açıq danışaq, Türkiyə ilə situativ tərəfdaşlığımız var. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, aramızda rəqabət də var. Ona görə də bu, maraqlı konstruksiyadır - biz bir sıra məsələlərdə rəqibik, digər məsələlərdə tərəfdaşıq.

Görünür, bu konstruksiya yaxın gələcəkdə də qorunacaq. Bilirsiniz, burada müəyyən əlaqə var. Əgər Türkiyə rusiyalı turistlərin axınından asılıdırsa, KremTürkiyənin kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükündə, silah almasında maraqlıdır. S-400 sistemləri buna nümunədir. Türkiyənin Rusiya ilə bir sıra iqtisadi layihələrdə əməkdaşlıq etdiyini unutmaq olmaz. Eyni zamanda, Suriya ilə bağlı məsələlərdə Türkiyə ilə güclü ziddiyyətlərimiz var. Burada bizim mövqelərimiz üst-üstə düşmür.

Bununla yanaşı, Putin və Ərdoğanın normal dövlətlərarası və şəxsi münasibətləri var. Putinin Türkiyə lideri ilə bağlı fikirlərinə nəzər yetirək: "Ərdoğan söz verirsə, onu mütləq tutacaq". Bu, əslində, Putin üçün vacib meyardır. Həmin insanlar Qərb siyasətçiləri deyil ki, bir şey deyib, başqa cür hərəkət etsinlər.

Qarabağa gəldikdə isə, orada bizim Rusiya-Türkiyə Monitorinq Mərkəzimiz var. Bu da qarşılıqlı fəaliyyətimizin mühüm elementidir.


Etiketlər:  Putinin Ərdoğan haqda dediyi sözləri Korotçenko


RƏYLƏR