Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 13:34
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən 11 yaşlı ana və körpəsi nəzarətə götürülüb.
Komitədən verilən məlumata görə, ana və körpəsinin mənafeyinə uyğun zəruri tədbirlər görüləcək.
Qeyd olunub ki, aparılan istintaqın nəticələrindən asılı olaraq, yetkinlik yaşına çatmayan ana və körpənin gələcək taleyi ilə bağlı müvafiq qərarlar qəbul ediləcək:
"Hazırda uşağın sağlamlığı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, cinayət məsələsi ilə bağlı hüquq-mühafizə orqanları eyni anda məşğul olur. Dövlət Komitəsi də öz növbəsində bu prosesdə iştirak edərək yetkinlik yaşına çatmayanın tibb müəssisəsindən çıxdıqdan sonrakı vəziyyəti ilə bağlı lazımi tədbirləri görəcək. Dövlət Komitəsi bir daha xatırladır ki, valideynlərin övladlarına qarşı etinasız və laqeyd münasibəti ağır fəsadların baş verməsi ilə nəticələnir. Uşaqların qayğısına qalmaq və nəzarət etmək valideynlərin borcudur. Cinayət barədə məlumatlı olub bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur".
Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Uşaq keysəriyyə əməliyyatı ilə dünyaya gəlib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.