Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkim-pediatr: Pnevmokoka qarşı peyvənd olunmuş uşaqlar sətəlcəmdən 80-90 faiz qorunurlar

Həkim-pediatr: Pnevmokoka qarşı peyvənd olunmuş uşaqlar sətəlcəmdən 80-90 faiz qorunurlar

Tarix: 31 Oktyabr 2021 23:57

Payız aylarında daha çox rast gəlinən xəstəliklərdən biri də sətəlcəmdir. Sətəlcəm ağciyərlərin hava kisəciklərinin (alveolalarının) maye və ya irinlə dolmasına səbəb olan bir və ya ikitərəfli infeksiyasıdır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, sətəlcəm ölümə ən çox səbəb olan xəstəliklər siyahısındadır. Sətəlcəm bakterial, viral və ya göbələk mənşəli olur. Azərbaycanda xüsusilə uşaqlar arasında virus mənşəli sətəlcəm halı daha geniş yayılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-pediatr Telman Aytayev uşaqlarda sətəlcəm xəstəliyi barədə danışarkən deyib.

Həkim-mütəxəssis bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası da sətəlcəmə səbəb olur: "COVID-19-un ağırlaşmış forması virus mənşəli sətəlcəmlərə nümunə ola bilər. Sətəlcəmin əsas əlamətləri uzun müddət davam edən bəlğəmli öskürək, yüksək hərarət və halsızlıqdır. Sətəlcəmlərin təxminən 50 faizi viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəymə tipli simptomlarla, adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, kefsizlik kimi əlamətlərlə inkişaf edir. Xəstəliyin sonrakı mərhələlərində təngnəfəslik, ağ və ya rəngsiz bəlğəmli öskürək müşahidə edilir. Virus mənşəli sətəlcəmlər simptomatik olaraq müalicə edilir. Virus mənşəli sətəlcəm zamanı xəstədə ikincili olaraq bakterial sətəlcəm də əmələ gələ bilər".

T.Aytayev qeyd edib ki, bakterial sətəlcəmə daha çox pnevmokok adlandırılan mikrob səbəb olur: "Pnevmokok pnevmoniya və meningit kimi kəskin infeksion xəstəliklərə və onların ağır fəsadlarına səbəb ola bilən bakteriyadır. Həmin bakteriya ilə yoluxmanın qarşısını peyvəndləmə ilə almaq mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycanda tətbiq edilən Milli Peyvənd təqvimində pnevmokok əleyhinə peyvənd mövcuddur. Uşaq pnevmokoka qarşı peyvənd olunduğu zaman həmin xəstəlikdən 80-90 faiz qorunmuş olur. Bakterial sətəlcəmin müalicəsi antibiotiklər vasitəsilə aparılır. Pnevmokok bakteriyasının xüsusilə uşaqlar üçün təhlükəli olduğunu nəzərə alaraq, valideynlər uşaqlarını mütləq vaxtından peyvənd etdirməlidirlər".

Milli.Az


Etiketlər:  Həkim pediatr Pnevmokoka qarşı peyvənd olunmuş uşaqlar sətəlcəmdən 80 90 faiz qorunurlar


RƏYLƏR