Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 11:14
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə bu ilin iyul və avqust ayları üzrə 8.8 milyon manata yaxın müddətli əlavə və mükafat ödənilib.
Sonxeber.net xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidməti məlumat yayıb.
Prezidentin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ilin iyul və avqust ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 7.7 milyon manat, qeyri-tibb işçilərinə isə 1.1 milyon manata yaxın müddətli əlavə ödənilib.
Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin iyul və avqust ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4639.12 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, iyul və avqust ayları üzrə 7500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi 2021-ci il noyabrın 1-dək uzadılıb.