Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kayrat” - “Qarabağ”: Start heyətləri açıqlandı

“Kayrat” - “Qarabağ”: Start heyətləri açıqlandı

Tarix: 4 Noyabr 2021 18:56

Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Kayrat"ın təxmini "11-liy"i açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Kurban Berdiyevin start heyəti bəllidir.

Kapitan Stas Pokatilovun qapıda dayanacağına şübhə yoxdur. Təcrübəli mütəxəssis yenə 5-li müdafiəyə üstünlük verəcək. Müdafiənin mərkəzindəki "trio"nu Nurali Alip, Rade Duqaliç və Maki Banyak təşkil edəcək. Müdafiənin sol cinahında Yan Voroqovski, sağda isə Kamo Oqanesyan çıxış edəcək.

Dayaq yarımmüdafiəçisi mövqeyində ilk dəqiqələrdə Denis Polyakov yer alacaq. Orta sahədə Rikardo Alveş və Neboyşa Kosoviç hücuma daha yaxın oynayacaq. Yatsek Quralski, Aybol Abiken və Quljiqit Alıkulov orta sahədə alternativ qismində öz vaxtını gözləyəcək.

5-3-2 sxemində Joze Kante ilə Joao Paulonun hücumda qol axtarışında olması gözlənilir. Düzdür, onlardan birinin əvəzinə Vaqner Lavın da start heyətində meydana çıxması mümkündür. Artur Şuşenaçev isə yəqin ki, matçın gedişində mübarizəyə qoşula bilər.

O ki qaldı "Qarabağ"a, baş məşqçi Qurban Qurbanov oyun sxemində və heyətdə heç bir dəyişiklik etməyəcək. Qapı xətti Şahruddin Məhəmmədəliyevə həvalə olunacaq. Müdafiənin mərkəzində Kevin Medina və kapitan Maksim Medvedev tandem təşkil edəcəksə, sol cinah Toral Bayramova, sağ cinah isə Abbas Hüseynova tapşırılacaq.

Orta sahədəki "trio" Qara Qarayev, Patrik Andrade və Filip Ozobiçdən ibarət olacaq. Yüngül zədəsi olduğu bildirilən sol cinah yarımmüdafiəçisi Abdullah Zubirin buna baxmayaraq, ilk dəqiqələrdən meydanda olması gözlənilir. Sağda isə Kadi Borqes yer alacaq. Hücumun mərkəzində də İbrahima Vadjinin iştirakı ehtimal edilir. Lakin seneqallı forvardın son vaxtlar "dişsiz" görünməsi səbəbindən Qurban Qurbanov start heyətində Ramil Şeydayevə də şans verə bilər.

Qeyd edək ki, bu gün Almatıda keçiriləcək "Kayrat" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Milli.Az


Etiketlər:  Kayrat Qarabağ Start heyətləri açıqlandı


RƏYLƏR