Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''COVID-19-la əlaqədar gərginliyi azalmayan, daim stres keçirənlər...''

''COVID-19-la əlaqədar gərginliyi azalmayan, daim stres keçirənlər...''

Tarix: 8 Noyabr 2021 21:48

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova yeni növ koronavirus (COVID-19) infeksiyasının səbəb olduğu psixi sağlamlıq problemləri barədə danışıb. Sonxeber.net həkim-mütəxəssislə müsahibəni təqdim edir.

- COVID-19 virusunun psixologiyaya təsirləri nələrdir?

- Koronavirusa yoluxma hallarının artması psixoloji təsirləri də çoxaldır. Virusun yayılmasını azaltmaq üçün tövsiyə olunan yollar gündəlik həyatı dəyişdi. Müvəqqəti də olsa bir çox müəssisə və məktəblər, kinoteatr və teatrlar bağlandı, idman tədbirləri təxirə salındı. Elə vəziyyət yaranmışdı ki, məcburiyyət olmasa çölə çıxa bilmirdik. COVID-19 infeksiyasının psixoloji təsiri cəmiyyətdə iki cür yanaşma yaratdı: bir qrup insan bunu həddindən artıq təhlükəli qəbul edərək qorxu keçirir, digər qrup insan isə COVID-19-u inkar edərək bunun adi "soyuqdəymə" olduğunu zənn edir. Qeyd edək ki, ikinci qrupa daxil olanların yanaşması daha təhlükəlidir, çünki onlar özlərini qorumur və epidemiyanın yayılmasını sürətləndirirlər.

- COVID-19 epidemiyasında hansı psixoloji problemlərin yaranma ehtimalı daha yüksəkdir?

- COVID-19 epidemiyası zamanı bir sıra səbəblərdən yaranan narahatlıq və stres, epidemiyadan əvvəlki dövrdə psixi sağlamlıq problemləri olanları daha da gücləndirə, sağlam fərdlərdə psixoloji problemlərin yaranmasına zəmin yarada bilər. Depressiya, panik pozuntu, obsessiv-kompulsiv pozuntu, generalize olunmuş təşviş pozuntusu, adaptasiya pozuntusu kimi problemlər ən çox rastlaşdığımız problemlərdir.

Əvvəllər psixoloji xəstəlik diaqnozu qoyulmuş və ona qarşı dərman qəbul edən şəxslərdə bu müddət ərzində dərmanlar fasiləsiz istifadə edilməlidir. Digər şəxslər isə yaranan psixoloji narahatlığın qarşısını almaq üçün tədbirlər görərkən ciddi problemlər yaşamağa başlayarsa, peşəkar mütəxəssisə müraciət etməlidirlər.

- Pandemiya dövründə yaranan psixoloji problemlər epidemiyadan sonra da davam edə bilərmi?

- Pandemiya prosesinin uzanması bu dövrdə yaranan psixoloji problemləri də kəskinləşdirə bilər. Psixi sağlamlığın qorunması üçün verilən tövsiyələrə məhəl qoymamaq daimi psixoloji problemlərə səbəb ola bilər. Bundan əlavə, prosesin uzanmasının pessimist düşüncələrin güclənməsinə gətirib çıxarma ehtimalı var. Bu, psixoloji problemləri daha da artırır. Ona görə də xəstələnib sağalan adam prosesin müvəqqəti olduğunu anlamalıdır. Ailə üzvlərimizin və davamlı ünsiyyətdə olduğumuz şəxslərin də üzərinə müəyyən məsuliyyət düşür. Davamlı olaraq bədbin fikirlər səsləndirmək, söhbətləri tamamilə pandemiya və onun yaratdığı neqativlər əsasında aparmaq psixi sağlamlığa mənfi təsir göstərir. Əhəmiyyətli olan bütün lazımi tədbirləri görüb bu prosesi sağlam şəkildə başa vurmaqdır.

- Psixoloji problemlər yarandıqda nə etmək lazımdır?

- Evdə səmərəli vaxt keçirmək, qidalanmağa diqqət etmək, idmana vaxt ayırmaq, sosial media, televiziya xəbərlərinə ayrılan vaxtı isə məhdudlaşdırmaq lazımdır. Bu tədbirlərə baxmayaraq narahatlığını, streslə bağlı mənfiliklərini və pessimist düşüncələrini aşa bilməyənlərin peşəkar mütəxəssisdən dəstək alması çox vacibdir. Psixi sağlamlıq problemləri nə qədər gecikirsə, müalicə prosesi də bir o qədər ağırlaşır. Bu prosesdə tək olmadığımızı anlamalıyıq.


Etiketlər:  COVID əlaqədar gərginliyi azalmayan daim stres keçirənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ