Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Leyla Əliyeva ilə bağlı saxta açıqlamaya Uzi Arad aydınlıq gətirdi

Leyla Əliyeva ilə bağlı saxta açıqlamaya Uzi Arad aydınlıq gətirdi

Tarix: 11 Noyabr 2021 23:15

Oktyabrın 31-də "Jerusalem Post"un baş siyasi köşə yazarı və analitiki olan tanınmış jurnalist Gil Hoffmana məxsus olduğu iddia edilən internet saytında Mossadın keçmiş rəsmisi və İsrail Baş nazirininin milli təhlükəsizlik müşaviri (2009-2011) olmuş Uzi Aradla "müsahibə" dərc edilib. Keçmiş Mossad əməkdaşının "ifşaları" Ermənistan və İran mediası tərəfindən yayılmasaydı, müsahibə diqqəti cəlb etməzdi. Saxta "müsahibə"də Arad Azərbaycana səfərləri, Bakıda iki müxtəlif missiyası: əvvəlcə Mossadın agenti, sonra isə baş nazirin milli təhlükəsizlik üzrə müşaviri kimi xoş xatirələrini bölüşüb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, feyk müsahibənin ən maraqlı məqamlarından biri də Aradın Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə tanışlığının "açıqlanması"  olub. Guya bu "müsahibə"də qeyd edildiyi kimi, Leyla Əliyeva "ravvinlər icazə versəydi, yəhudiliyi qəbul etməyi şərəf hesab edərdi".

Qeyd edək ki, saxta müsahibənin məhz bu epizodu qonşularımız - Ermənistan və İranın sosial şəbəkələrində və mediasında ən çox sitat gətirilib.

Vəziyyəti aydınlaşdırmaq üçün haqqın.az Uzi Araddan açıqlama alıb. U.Arad açıqlamasında deyib:

"Bütün bu məqalə başdan ayağa tamamilə uydurmadır. Mənim adımdan başqa heç bir doğru və ya düzgün təfərrüat yoxdur. Bir dənə də olsun. Heç bir detal və ya tarix yoxdur. Başdan sona hər şey tamamilə yalandır. Bu qədər. Bu qədər sadə.

Sizə bir misal çəkəcəm. Təxminən son iyirmi ildir ki, mən sizin ölkənizdə olmaq həzzini almamışam. Bu müsahibə heç vaxt olmayıb. Gil Hoffman əsl israilli jurnalistdir. Ona görə də məndən heç vaxt müsahibə almayıb. Bu barədə birbaşa ondan soruşa bilərsiniz. O, belə bir müsahibənin dərc olunduğu barədə mənə xəbərdarlıq etdi və onun adının bu məsələdə hallanmasına görə üzr istədi. Ona görə də nə bu jurnalistlə, nə də başqası ilə bu müsahibə heç vaxt olmayıb".

U.Arad Leyla Əliyeva ilə bağlı suala isə belə cavab verib:

"Sizin mənə haqqında sual verdiyiniz xanımla bağlı isə deyə bilərəm, mən xanımın kim olduğunu belə bilmirəm.

Beləliklə, məncə, birincisi, kimsə bunu qəsdən edib. Bunu siz və ya başqaları öyrənməlidir. Təbii ki, bu, kiminsə xətrinə dəymək və ya diqqətini nədənsə yayındırmaq məqsədi ilə edilib. Məsul şəxslər bunu kim edə bilər, bu dəhşətli yalanın arxasında kimin dayandığını araşdırmalıdır. Mən belə bir araşdırma aparmaq iqtidarında deyiləm. Amma başqaları edə bilər.

Adımın saxta xəbərlərdə hallanmasına görə çox təəssüflənirəm. Elə insanlar, orqanlar və qurumlar var ki, dezinformasiya və yalan yaymağı təcrübəyə çeviriblər".

"Şəxsən mən gələcəkdə nə vaxtsa ölkənizə səfər etmək istərdim ki, onun gözəlliyini, insanlarını görüm, çünki orada hər şey maraqlıdır. İyirmi ildən artıqdır ki, bu ölkədə olmamışam. Bundan əvvəl baş naziri müşayiət etmiş ola bilərəm. Amma buna əmin deyiləm. Çünki çoxdan idi. Ona görə də bu ölkəyə gəlmək mənim üçün böyük zövq olardı, çünki çoxdandır orada olmamışam", - deyə Uzi Arad yekunda bildirib.

Araddan müsahibə aldığı iddia edilən Gil Hoffman da Tvitter açıqlamasında bunun baş vermədiyini deyib:

"Gil-hoffman.com saytı mənə məxsus deyil, orada Uzi Aradla bağlı yayımlanmış məqalə isə saxtadır" .


Etiketlər:  Leyla Əliyeva ilə bağlı saxta açıqlamaya Arad aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ