Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Rusiyanın tərkibinə qatılır? - Zəngəzur məsələsi qapıda

Ermənistan Rusiyanın tərkibinə qatılır? - Zəngəzur məsələsi qapıda

Tarix: 19 Noyabr 2021 12:42

Rusiya Ermənistanın nazı ilə oymamaqdan, onun "kaprizlərinə" dözməkdən bezdi. Bu iki dövlətin bir-birinə olan son münasibəti iki mazaxist sevgilinin oyununa bənzəyir. Ermənilər gah Rusiyadan özlərinə Azərbaycana qarşı böyük hərbi-siyasi dəstək tələb edirlər, gah də Rusiyanı, Kreml rəhbərini təhqir etməkdən yorulmurlar.

Son hadisələrdən sonra Ermənistanın müxtəlif siyasət adamlarından, rəhbərliyindən Rusiyaya qarşı hədə, təhdid dolu çağırışlar, İrəvan küçələrində Vladimir Putini, onun rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) təhqir edən, pankartlar açan, aşağılayıcı addımlar atan qüvvələrin hamısının məhz Qərbin maliyyələşdirdiyi təşkilat üzvləri olduğunu nəzərə alsaq, Rusiyanın Ermənistandakı bu anti-Rusiya abu-havasından təngə gəldiyini anlamaq çətin deyil. 

Ermənistanın Rusiyanı şantaj etməyə davam etməsi Kremlin təxirəsalınmaz qərarlar verməyinə zərurət yaratdı. Ermənilərin sülh danışıqlarına yox, Rusiyanı, KTMT-ni şantaj etməsi Kremlə necə toxunubsa, bunu Vladimir Putinin son açıqlamasından da açıq sezmək mümkündür.

Rusiya dövlət başçısı ötəngünkü "Ermənistan və Azərbaycan sərhədində vəziyyət hələ də sakitləşməyib. Son olanlar göstərdi ki, vəziyyəti həll etmək üçün sülhməramlı kontingentinə ehtiyac yaranır" açıqlaması ilə son hadisələrə ümumi qiymət vermiş oldu. Belə ki, Putinin açıqlamasından aydınlaşdı ki, bu gün Qərbin əmrlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanı itirməmək üçün Moskva artıq son gedişinə hazırlaşır.

Plan nədən ibarətdir? 

Rusiya rəhbərliyi Ermənistan hərbi-siyasi rəhbərliyinin Qərbin, ABŞ-ın sifarişlərini yerinə yetirdiyini nəzərə alaraq forpostu olan bir ölkəni itirəcəyi təqdirdə sözügedən qüvvələrin Cənubi Qafqazda peyda olacağını nəzərə alaraq daha adekvat addım atmaq qərarına gəlib. Vassalı, forpostu olan ölkəni bir anda itirmək təbii ki, Rusiya üçün arzuolunan deyil. Elə bu səbəbdən də Moskva Ermənistanı Rusiyanın bir vilayətinə çevirmək fikrində artıq qərarlı görünür.

Nəzərə alsaq ki, bu açıqlamanı Rusiyanın üçüncü, dördüncü dərəcəli şəxsi yox, məhz Kreml rəhbəri şəxsən özü qeyd etdi, o zaman bölgədə yeni, daha irimiqyaslı dəyişikliklərin olacağını öncədən proqnozlaşdırmaq olar. Daim bir çox böyük güclərin, eləcə də rəsmi Moskvanın əlində təzyiq vasitəsi olan Ermənistanın bu gün bölgədə varlığı-yoxluğu heç bir qüvvə üçün maraqlı olmadığı kimi, Rusiyanı da maraqlandırmır. Lakin Ermənistan adlı dövlətin Cənubi Qafqazda kimlər və hansı məqsədlə yaradıldığını nəzərə alsaq, onun tamamilə məhvində həmin qüvvələrin heç biri maraqlı deyil. Lakin Ermənistanın bölgədə yerinə yetirdiyi "funksiya" iki ayrı cəbhədə yer alan həm Qərbin, həm də Rusiyanın maraqlarına uyğundur.

Böyük Türk Dünyasının parçalanması, onun birliyinə, bütövlüyünə zərbə məqsədilə yaradılan bu saxta dövlətin dağılmasını təbii ki, adıçəkilən dövlətlər heç vaxt istəməzlər. Lakin artıq vəziyyət o həddə çatıb ki, Rusiya işin-işdən keçdiyini, zamanın əleyhinə işləməyə başladığını hiss edir. Bunun üçün də Rusiya Ermənistanla münasibətlərini kökündən həll etmək qərarı aldığı görünür. Putinin sözündən də belə nəticə çıxır ki, rəsmi Moskva Ermənistanın Azərbaycanla cənub-şərq sərhədləri (Zəngəzur/Sünik) istiqamətində də öz ordusunu yerləşdirməyi planlaşdırır. Bununla Rusiya bir güllə ilə iki hədəf nişana alıb: Həm ermənilərin revanşist qüvvələrinin 10 noyabr üçtərəfli birgə bəyanatını - delimitasiya, demarkasiya proseslərini və kommunikasiyaların açılması məsələsinə yaradılan süni maneəni aradan qaldırmağa çalışır, həm də Ermənistanın sərhədlərində tamamilə öz silahlı qüvvələrini yerləşdirməklə faktiki olaraq Ermənistanı bir vilayətinə çevirməyi planlaşdırır. Görünür, bununla da Putin adminstrasiyası üçtərəfli bəyanatın icrası yekunlaşandan dərhal sonra isə Paşinyanın hakimiyyətinə son qoyaraq, Ermənistanda anti-Rusiya meyillərinə son qoymaq üçün özünün növbəti irihəcmli planını işə salmış olacaq. Bununla da Rusiya Ermənistanın öz orbitindən kənara çıxmaq kimi təhlükəsindən tamamilə qurtulacaq, həm də Ermənistanda divident qazanacaq. Ən əsası isə Moskva bununla Qərbin Ermənistanda, Cənubi Qafqazda peyda olmaq xülyalarının üstündn xətt çəkmiş olacaq.

Üç gün öncə ermənilərin Kəlbəcər istiqamətində törətdikləri son irimiqyaslı təxribatlar nəticəsində yaranan lokal toqquşmalar zamanı Ordumuz tərəfindən məhv edilən erməni əsgərlərinin yaxınları tərəfindən İrəvanda başlayan etiraz aksiyaları bir daha göstərdi ki, Ermənistan cəmiyyəti daha müharibə istəmir, daha övladlarının müəyyən qüvvələrin intiriqalarının qurbanına çevrilməsindən təngə gəliblər. 

Hələlik isə sadalanan bütün bu proseslər rəsmi Bakının maraqlarına xidmət edir. Azərbaycan üçün sərhədlərin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması prioritet təşkil edir. Rusiya da anlayır ki, Bakı ilə razılığa gəlməkdən, bölgədə 3+3 platformasını tətbiq etməkdən başqa çıxış yolu yoxdur. Bununla həm bölgənin iqtisadi inkişafını gücləndirmək mümkün olacaq, həm də uzunmüddətli sülh və sabitliyi bərpa edəcək. Bu gün Qərb və ABŞ tərəfindən sanksiyalarla üz-üzə qalan Rusiya üçün real vəziyyətdən çıxış yolu da məhz budur. Moskva indiki məqamda daha bölgədə savaş istəmir. Bu məqsədlə də Ermənistanın 10 noyabr bəyanatında götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa çıxış yolu qalmadı. Bunun təsdiqi kimi erməni ekspert Van Ambarçumyan son açıqlamalarının birində Zəngəzur dəhlizi məsələsinə də toxunub və bildirib ki, Azərbaycan istədiyinə nail olacaq: "Ermənistanda "dəhliz" yox, "yol" deyirlər. Mən sizə dedim, onlar dəhliz istəyirlər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti də danışıb. Azərbaycan Prezidenti isə sözü boş yerə deməməsi ilə tanınır".

Bizə isə hazırda 44 günlük müharibədə olduğu kimi Ali Baş Komandanın, Ordumuzun ətrafında bir yumruq kimi birləşib növbəti qələbələr üçün zəmin hazırlamaq qalır. Çünki zamanı əleyhimizdən lehimizə dəyişməyi bacarmışıq. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistan Rusiyanın tərkibinə qatılır Zəngəzur məsələsi qapıda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ