Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

27 ildən sonra şəhid əmisi oğlunun qisasını alan qazi - FOTO

27 ildən sonra şəhid əmisi oğlunun qisasını alan qazi - FOTO

Tarix: 19 Noyabr 2021 23:32

Ötən il sentyabrın 21-də səfərbərliklə təlimlərə çağırıldım. Sentyabrın 29-da isə Vətən müharibəsində döyüşlərə qatıldım. Döyüş yolum Füzuli istiqamətindən başlandı. Sonra Cəbrayıl və Qubadlı istiqamətində hərbi əməliyyatlarda iştirak etdim. Taqım komandiri idim. Müharibədə iştirak zamanı torpaqlarımızın azğın düşməndən təmizlənməsi ilə yanaşı, bir amalım da var idi: Birinci Qarabağ müharibəsində şəhid olan əmim oğlu Ceyhun Babayevin qisasını almaq. Vətən müharibəsi uzun illərdən bəri gözlədiyim arzuma çatmaq üçün bir imkan oldu və mən də bundan lazımınca yararlandım.

Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Vətən müharibəsi qazisi, gömrük xidməti baş leytenantı Elnur Babayev deyib.

Qazi sözlərinə belə davam edib: "Əmim oğlu Ceyhun Babayev məndən dörd yaş böyük idi. O, 1993-cü ilin avqustunda Xocavəndin Hadrut qəsəbəsində yerləşən Şişqaya yüksəkliyi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. Başından ağır yaralansa və çoxlu qan itirsə də, düşmənin yeddi hərbçisini məhv edib. Əsir düşməmək üçün isə son gülləni ürəyinə sıxıb. Mən o zaman yeniyetmə idim. Əmim oğlunun 18 yaşında şəhid olması məni sarsıtmışdı. Onun şücaətindən çox danışırdılar. Həmin dövrlərdə mənfur qonşularımızın xalqımızın başına gətirdiyi müsibətlər, torpaqlarından didərgin düşən soydaşlarımızın çəkdiyi əziyyətlər mənə təsir etmişdi. O zamandan həm Ceyhunun qisasını almağı, həm silahsız, dinc əhaliyə edilən divanın əvəzini çıxmağı, həm də torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak etməyi qarşıma məqsəd qoymuşdum. Vətən müharibəsi isə məqsədimə çatmaq üçün bir fürsət oldu. Ötən il sentyabrın 21-də təlimlərə, ardınca isə döyüşlərə qoşuldum. Sentyabrın 29-dan mənim həyatımın ən vacib sınağı başlandı. 27 ildir gözlədiyim o gün gəlmişdi. Taqım komandiri kimi döyüş yolum Füzuli rayonundan başlandı. Ardınca Cəbrayıl istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdik. Cəbrayıl azad olunandan sonra tapşırığımız Qubadlı istiqamətində oldu. Oktyabrın 9-da Hadrut qəsəbəsinin azad edilməsi xəbərini eşidəndə bütün yorğunluğum, keçdiyim çətinlikləri unutdum. Çünki Şişqaya yüksəkliyi də azad olunmuşdu. Çox istəyərdim ki, həmin əməliyyatın iştirakçısı olum. Lakin əsas o idi ki, Ordumuzun digər bölmələri Hadrut döyüşlərini Qələbə ilə yekunlaşdırmışdılar. O an sanki əmim oğlu Ceyhunun da ruhunun rahatlıq tapdığını hiss etdim. Bu, mənə əlavə ruh yüksəkliyi vermişdi. Döyüşlərdə daha fəal və yüksək əhvalla iştirak edirdim. Niyyətim sonacan getmək idi. Təəssüf ki, oktyabrın 14-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı yaxınlığıma minaatan mərmisinin düşməsi nəticəsində ağır yaralandım. Qəlpə əsasən sağ tərəfimi tutmuşdu. Sağ qoluma daxil olan qəlpə çiyin və dirsək oynaqlarımı dağıdıb. O cümlədən qəlpə sağ budumu qırıb çıxıb. Azərbaycanda iki ağır əməliyyat keçirdim. Belə ki, yaralandığım gün Füzuli Müalicə Diaqnostika Mərkəzində damar əməliyyatı həyata keçirilib. Səkkiz saat davam edən əməliyyat zamanı ayağımdan damar götürüb qoluma tikiblər. Həmçinin çiynimdəki qəlpə çıxarılıb. Səhəri gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olundum və həmin gün sümük əməliyyatı icra olundu. Bu ilin iyul ayında "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərildim və qardaş ölkədə dirsəyimdən əməliyyat edildim. Ölkəyə qayıdandan iki ay sonra təkrarən müayinəyə göndərildim. Gələcəkdə çiyin əməliyyatı üçün yenidən qardaş ölkəyə gedəcəyəm. Bütün bunlar onu göstərir ki, Vətən müharibəsində canını, qanını fəda edənlər unudulmurlar. Şəhidlərimizin adı əbədiləşdirilir, onların ailələri diqqətdə saxlanılır, qazilərə qayğı göstərilir. Əmim oğlu Ceyhun Babayevin də adı illər əvvəl təhsil aldığı Astara şəhər 3 saylı orta məktəbə verilib. Bu ənənə əvvəldən var və indi də davam edir. Çox sevindiricidir ki, gələcək nəsillər şəhidləri, qaziləri tanıyaraq böyüyürlər. Döyüşlər zamanı da gənclərimizdəki vətənpərvərlik hisslərini, gözlərində alovlanan nifrəti görəndə anladım ki, həqiqətən də yetişən nəsil düzgün istiqamətdə tərbiyə olunur. Düşmən öz xislətini dəyişməyəcəyinə görə, hər bir azərbaycanlı evində müsəlləh əsgər yetişdirməli, övladlarımız qəhrəmanların həyat və döyüş yolunu özlərinə nümunə kimi müəyyənləşdirməlidirlər. Mən özüm də övladlarıma daim Vətənə məhəbbət hissi, xalqa, millətə faydalı vətəndaş olmağı aşılamışam. Müharibəyə yollananda da onları Vətənə əmanət qoyub getdim. Bilirdim ki, mənə nəsə olsa, dövlətimiz ailəmə, övladlarıma sahib çıxacaq. Sevinirəm ki, həm əmim oğlunun qisasını aldım, həm xalqımızın başına gətirilən vəhşiliklərin əvəzini çıxdım, həm də Qələbədə pay sahibi oldum".

E.Babayev deyib ki, Türkiyədə xəstəxanada olarkən onun üçün ən böyük sürpriz "Bayraqdar TB2" pilotsuz uçuş aparatlarının yaradıcısı, "Baykar Savunma" şirkətinin texniki direktoru Selçuk Bayraktarın ziyarət etməsi olub: "O, mənə və digər müalicə alan qazilərimizə Qarabağ müharibəsində xidmət etmiş personal üçün hazırlanan xatirə markalarını təqdim etdi. Markanın üzərində Türkiyə və Azərbaycan bayraqları qarşısında "TB2" PUA-sı olan foto əks olunub. Bu, mənim üçün ən gözəl hədiyyələrdən biridir".

Qeyd edək ki, Vətən müharibəsi qazisi Babayev Elnur Əlihüseyn oğlu 1979-cu il iyulun 24-də Astara şəhərində anadan olub. Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölkə başçısının sərəncamları ilə "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Hazırda Dövlət Gömrük Komitəsində gömrük xidməti baş leytenantı kimi fəaliyyətini davam etdirir.

Milli.Az


Etiketlər:  ildən sonra şəhid əmisi oğlunun qisasını alan qazi FOTO


RƏYLƏR