Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaşayış kompleksinin saysız problemləri - VİDEO

Yaşayış kompleksinin saysız problemləri - VİDEO

Tarix: 20 Noyabr 2021 16:38

Söhbət Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən sosial cəhətdən həssas qruplar üçün nəzərdə tutulmuş yaşayış kompleksdən gedir. Bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki,bu yaşayış kompleksi əvvəlcə qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulsa da, dövlət başçısının bu ilin yanvar ayında imzaladığı sərəncama əsasən, bu mənzillər şəhid ailələrinə və müharibə əlillərinə verilməyə başlanıb.

Hazırda kompleksdə 502 şəhid ailəsi, 480 məcburi köçkün, 34 gözdən əlil və 100-ə yaxın qazi ailəsi yaşayır.

Bu binaya köçən sakinlər yaşayış üçün hərtərəfli təchiz olunmuş, tam təmirli mənzillərdə yaşayacaqlarına olduqca sevinirdilər. Günlərin birində problemlə üz-üzə gələnə qədər.

Problem isə daha çox yaşayış kompleksinin idarəedilməsi ilə bağlıdır. Belə ki, 1512 ailə üçün nəzərdə tutulmuş kompleksə bu gün sahib çıxan qurum yoxdur. Ramana 450 saylı Mənzil İstismar Sahəsindən başqa. Həmin MİS-də isə yalnız bir işçi var - rəis Azay Kərimov. Azay Kərimov hazırda az qala 10 nəfərlik bir komandanın işini tək icra edir. Amma əlbəttə ki, bunun üçün əlində elə bir səlahiyyət yoxdur. Şəxsi münasibətlərini işə salaraq, ərazinin həm kargüzarlıq işlərini görən, həm təmizlik, həm də texniki problemlərini həll edən Azay Kərimov hazırda özü də aciz durumdadır.

Yaşayış kompleksinin təmizliyinə riayət etmək özü də olduqca çətindir. 11 hektarlıq ərazidə bircə dənə də zibil qutusu yoxdur. Amma bununla belə, Azay Kərimov zibil konteynerlərinin daşınması baxımından problem olmadığını deyir.

Sakinlərlə söhbət edirik. Məlum olur ki, sənəd işləri onların yeganə problemi deyil. Yaşıllıqla bağlı problemdən tutmuş işıqlandırmaya qədər kompleksin bir sıra problemləri var. Bura avtobus xəttinin sakinlərin istəyinə uyğun olmamasını, ərazidə poçt məntəqəsinin və aptekin fəaliyyət göstərməməsini də əlavə edək. Hələ kompleksin daxilində olan mədəniyyət evinin bu günə qədər istifadəyə verilməməsi, sakinlərin onun qarşısında oturub stolüstü oyunlar oynamasını da əlavə edək.

Sadalanan problemlərin başında isə heç şübhəsiz kompleksin idarəetməsinin naməlum olaraq qalması durur. Biz də problemin həlli üçün kiçik bir araşdırma aparmaq qərarına gəldik. Üz tutduğumuz Ramana qəsəbəsinin İcra Nümayəndəliyindən həmin kompleksin ərazilərində yerləşsə də, onlara təhvil verilmədiyi deyildi. Eyni zamanda deyildi ki, Sabunçu rayon Kommunal Təsərrüfatı idarəsi ərazinin məişət tullantılarının daşınmasını öz üzərinə götürüb. Baxmayaraq ki, hələlik bu səlahiyyət onlara rəsmi qaydada verilməyib.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, yaxın günlərdə kompleks İcra Hakimiyyəti orqanına təhvil verildikdən sonra problem həllini tapacaq.

Biz də sakinlər kimi həmin yaxın günləri gözləyirik. Ümid edək ki, kompleksin təhvilindən sonra sadalanan problemlərin hər biri tezliklə həll olunacaq.

Milli.Az


Etiketlər:  Yaşayış kompleksinin saysız problemləri VİDEO


RƏYLƏR