Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmzik... YUNUS OĞUZ yazır

Əmzik... YUNUS OĞUZ yazır

Tarix: 25 Noyabr 2021 13:24

Felyeton

Oturmuşdum redaksiyada, özüm üçün cızma-qara edirdim. Yox, yox, elə başa düşməyin ki, kiminsə başına corab toxumaq üçün bu işlə məşğul oluram. Bunun üçün bəzi saytlar, redaktorlar var ki, bu  işi  "sənətkar"casına görürlər. Həm də elə edirlər ki, adamın heç ruhu da incimir. Yəni corabı elə toxuyurlar ki, bir də görürsən torun içindəsən. Körpə əmziyi necə sorursa, onlar da "kliyentin" olan-qalanını elə sorur. Belə südün mayasında təhdid, şantaj, qorxutmaq, qorxmaq varsa, day heç zad. Adam mayanı batırmır, e.., ömrünü batıra-batıra gedir.

Nə isə, telefon zəng çaldı. Ekranda köhnə dostumun nömrəsi göründü. Yaradıcı adamdır, hərdən şeirdən, sənətdən mırt vururuq. Açdım telefonu. Səsindən qayğılı olduğunu hiss etdim. Salamlaşdıqdan sonra soruşdum:

-Nə var, nə yox? Səsindən hiss etdim ki, qayğılısan. Bir şey olmayıb?

Dostumun elə bil dərdi açıldı:

-Demə Mirzə, demə. İki gündür bir sözə qafiyə tapmıram deyə gözümə yuxu getmir.

Ürəyimdə fikirləşdim ki, bu da sənə ikinci Moşu, qafiyə axtarışındadır. Gülmək istəsəm də özümü yığışdırdım. Axı, kişinin son ümid yeri mən idim, telefon açıb kömək istəyirdi.

-O nə sözdür ki, sənin kimi sənətkar, təbi gələndə ruhu ala buludlarda dolaşan ustad  girinc olub?

Düşünmədən cavab verdi:

-Əmzik.

-Nə, nə.., əmzik? - Dəqiqləşdirmək istədim. - Əmzik dedin?

-Hə də, əmzik dedim, Mirzə. Qəşəng uşaq şeiri yazıram. İlişmişəm bu sözün qafiyəsində.

Gülmək məni tutdu. Bir qədər güləndən sonra dedim:

-Sən bu əmziyə aid şeiri böyüklərə həsr etsəydin qafiyəsin tez tapardın. Məsələn, Nazik-əmzik. Bu sözün sinonimin işlətsən, daha güclü bir şey ortalığa çıxarda bilərdin.  Vaxtın varsa keşmişdən bir əhvalat danışım.

-Buyur, Mirzə! Sənin danışdığın əhvalatlar duzlu və mənalı olur.

-Deməli, bir nəfər səfərə getməyə hazırlaşır. Bunun bir qədər parası varmış. Pulunu evdə saxlamağa qorxur. Fikirləşir ki, neçə gün evdə heç kim olmayacaq, oğrular gəlib əlində-ovcunda olanı apararlar. Nə isə, onu basır cibinə, durub gəlir vəzifədə işləyən dostunun yanına. Hal-əhvalatı danışır, cibindən amanatı çıxardıb vermək istəyəndə, dostu etiraz edir. Deyir ki, gərək bu işi şahidlərin yanında edəsən. Dərhal işçilərindən üç-dörd nəfəri yanına çağırıb deyir:

-Bu adam bu qədər pulu  əmanət edir. Hamınız şahidsiniz?

İşçilər bir ağızdan dillənirlər:

-Hə, şahidik...

Adam arın-arxayın gedir səfərə. Qayıdan kimi gəlir dostunun yanına ki, bəs amanatı qaytar, mən gəlmişəm. Dostu cavab verir ki, nə amanat? Məndə heç bir amanatın  yoxdur.

Adam pərt halda deyir:

-Ay, müəllim! Necə yəni amanatım səndə deyil? Mən sənə, bax burada, şahidlərin yanında filan qədər pul vermişəm. Çağır onları.

Müəllim "yaxşı" deyib həmin işçiləri çağırır. Onlara xitabən soruşur:

-Bu adam iddia edir ki, sizlərin yanında mənə bir  miqdar pul verib. Siz də şahidsiniz.

Hamısı bir ağızdan deyir:

-Xeyr, biz elə bir işə şahidlik etməmişik.

Adam görür ki, dostuna verdiyi pul  batıb, əli ətəyindən uzun geri qayıtmaq istəyəndə müəllim onu saxlayır, seyfindən  pulu  çıxarıb ona qaytarır.

Adam təəccüblə soruşur:

-Müəllim, bəs niyə bayaqdan məzhəkə çıxardırdın? O nə idi, bu nə idi?

Dostu tövrünü pozmadan deyir:

-Havayı mal, pul süd verən əmzik kimidir. Əmdikcə əmmək istəyirsən. Tamahını saxlamasan, elə hey sormaq istəyəcəksən. Bununla sənə göstərmək istədim ki, əclaf məmurların içində gör necə işləyirəm?

Telefonun o biri başından dostumun qəhqəhə dolu gülüşünü eşitdim. Sakitləşəndən sonra soruşdu:

-Mirzə, danışdığının alt qatını anlamadım, bir izahat ver. Mən söhbəti əmzikdən başladım, sən əclaf məmurlarda qurtardın.

-Elə mən də gəlirəm sənin məsələnin üstünə.

Soruşdum:

-De görüm, əclaf məmurların abreveturası necə olacaq?

O düşünmədən cavab verdi:

-"ƏM"

-Ay sağ ol! Özü də, bu hərəkətdə olan aktiv feldir. İndi gör bu feldən neçə isim yaranır; "əmzik, əmcək, əmən və s". İndi qışqırmayana nə məmə var, nə də pəpə (pəpə uşaq dilində çörək mənasını verir), yəni böyüyə də əmzik lazımdır, kiçiyə də. İllah da, Allah məmurlarımıza insaf verməsin, hərə əlində bir əmziklə düşüblər dövlətin büdcə adlı borusunun üstünə. Bu boruda hərə bir deşik açıb əmziyini yapışdırıb ora. Sorhasordur. Qara maskalılar birini qapazlayıb basır içəri, əmziyini

əlindən alır. Nə qədər əmibsə burnundan gətirir. Onun yerinə təyin olunan məmur gələndə özü ilə əvvəlkindən də böyük əmzik gətirir. Şövqlə yapışdırır büdcə borusunun üstünə. Büdcə də vakuumla işləyir deyə dərhal yapışır. Qaz, su, neft borularını açırsan, vakuumda olduqlarına görə əvvəlcə təzyiqlə hava gəlir.., sonrası isə əmziklərin işidir. İndi hərə əlində bir, bərkgedənlər isə iki-üç əmzik gəzdirir. Harda tutursa, orada sormağa başlayırlar. Lap o meyxanada deyildiyi kim:

Sorhasordur, əmib sorub durdular

Əcəb deyib əmziyimizi qırdılar.

Amma qafiyə yaxşı gəldi ha.

Dostum razılaşdı, həm də elə bil dərdi açıldı:

-Düz deyirsən, Mirzə, - dedi- bu məmurlar əmziklərin bir neçəsini ötürüblər qida sahəsinə. Qiymətlərin üstünə elə bil əmziyin də qiymətini qoyublar. Sən canın Mirzə, belə şey olar? Hələ aptekləri demirəm. Məmləkətdə sanki hərrac keçirilir, qiymət davası gedir. Bu gün bu qiyməti qoyuram, sabah qaldırıram. Alan varmı? Əlbəttə var, ehtiyac varsa, deməli qiyməti qaldırmaq lazımdır. Əmziklər işləyir. -Bir anlığa susdu, nə düşündüsə sual verdi. -  Yaxşı, Mirzə, bəs mən neyləyim?

Mən də gülərək cavab verdim:

-Sən bu əmziyə qafiyə axtarmağı tərgit, amma əmziyini yanından əksik eləmə. Bəlkə sənin də bəxtin gətirdi, qabağına yekə boru çıxdı, o zaman onu ora yapışdırarsan. Necə deyirlər: "Süd verən inək yelindən bəllidir". Dostum mənimlə razılaşıb sağollaşdı. Deyəsən ağlına nəsə batmışdı.

İndi bu şair dostum cibində əmziklə aralarda dolaşır. Hələ ki, cəhdləri alınmayıb.


Etiketlər:  Əmzik YUNUS OĞUZ yazır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ