Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərb müdaxilə etsə bölgədə vəziyyət daha da qarışacaq - Soçi gözləntiləri

Qərb müdaxilə etsə bölgədə vəziyyət daha da qarışacaq - Soçi gözləntiləri

Tarix: 25 Noyabr 2021 17:42

"Soçi və Brüssel görüşü arasında fərqlərin nədən ibarət olması Ermənistan, Azərbaycan, eləcə də Rusiya ictimaiyyətində müzakirə olunur, bu görüşlərin oxşar və fərqli cəhətləri ilə bağlı paralellər aparılır".

Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, hər hansısa kənar oyunçuların regiona daxil olması maraqların toqquşmasına gətirib çıxara bilər:

"Regionda olan problemlərin həlli əsas etibarı ilə Soçi görüşündə müzakirə olunacaq. Gözlənilirdi ki, Rusiyanın vasitəçiliyi ilə üçtərəfli birgə bəyanatın 1 ili tamam olanda görüş keçirilsin. Lakin Brüssel görüşünün müəyyən olunması ilə bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin sosial şəbəkə hesabından məlumatı açıqlamasının ardınca Kreml də hərəkətə keçdi və Brüsseldən öncə Soçi görüşü artıq sabah keçiriləcək. Bu görüşdə müzakirə olunacaq əsas tezislər isə dəyişməz olaraq qalır: Sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də kommunikasiyaların açılması istiqamətində hər hansısa real addım izlənilə bilər.

Fikrimcə, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işlər daha sürətli şəkildə gedə bilər və bu istiqamətdə üçtərəfli işçi qrupu formalaşa bilər. Çünki bu format öz uğuru ilə seçilir və üçtərəfli zəmində regionda olan problemləri həll etmək ən məqbul variantdır. Kənar oyunçuların bura daxil olması məsələnin daha da uzun müddətə yubanmasına gətirib çıxara bilər. Bu xüsusda ATƏT-in Minsk Qrupu, Avropa İttifaqının hər hansısa institutları, eləcə də kənar oyunçuların regiona daxil olması maraqların toqquşmasına gətirib çıxara bilən bir hal kimi qiymətləndirilə bilər.

Üçtərəfli qaydada keçirilən görüşlər nəticəliliyi ilə fərqlənir. Yanvar ayının 11-də keçirilmiş üçtərəfli görüşdə nəqliyyat kommunikasiya xəttlərinin açılması ilə bağlı işçi qrup fəaliyyət göstərir. Bu qrupun daxilində də Ermənistanın qeyri-konstruktiv mövqeyi nümayiş olunur. Lakin düşünürəm ki, Soçi görüşü Ermənistanı sülhə məcbur etmək istiqamətində bir görüş kimi yadda qalacaq. 

Digər önəmli istiqamət isə kommunikasiya xəttlərinin açılmasıdır. Paşinyan son müsahibəsində də bu tezisə diqqət çəkdi. Önəmli məsələlərdən biri də budur ki, Rusiya Federasiyasının baş nazirinin müavini, işçi qrupda Rusiyanı təmsil edən Oleksey Overçuk Soçi görüşündən öncə təcili Bakıya və İrəvana səfər edir. Bu səfərlərdə tərəflər arasında razılığın əldə olunması, bölgədə kommunikasiya xətlərinin açılması, sülhün dayanıqlılığının artırılmasına xismət edən amil kimi qiymətləndirilməsi daha çox nəzərə çarpır. Oleksey Overçuk buna qədər olan bütün görüşlərdə iştirak edib. Nəqliyyat və kommunikasiya xəttlərinin açılması ilə bağlı əldə olunan mühim razılaşmalar onun da diqqətindədir və birbaşa olaraq bu səfəri ilə rəsmi Bakıya və İrəvana mesajlar verir, eyni zamanda görünür bu səfəri ilə tərəfləri də Soçi görüşündə razılaşmalara gətirə bilən siyasi iradənin göstərilməsini təmin etməyə çalışır.  

Düşünürəm ki, Soçidə keçiriləcək görüşdə nəqliyyat və kommunikasiya xəttlərinin açılması ilə bağlı məsələ öz nəticəsini verə bilər. Buna ümid çoxdur. Çünki 16 noyabr tarixində baş vermiş hərbi eskalasiya da göstərdi ki, tərəflər arasında diplomatik-siyasi müstəvidə danışıqların keçirilməməsi, tərəflərin təmaslara girməməsi gərginliyin artırılmasına xidmət edir və hətta hərbi toqquşmaya gətirib çıxarır. Ona görə də delimitasiya və demarkasiya, eləcə də nəqliyyat kommunikasiya xəttlərinin açılması həyati vacib olan istiqmaətlərdir. Bu prearitetlər həm də 10 noyabr və 11 yanvarda imzalanmış üçtərəfli birgə bəyanatıların ruhuna uyğundur". 

Təhməz Əsədov


Etiketlər:  Qərb müdaxilə etsə bölgədə vəziyyət daha qarışacaq Soçi gözləntiləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ